lider-media.az

Professor: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya strateji tərəfdaşlığında yeni mərhələdir

Baxış: 601 Tarix: Сегодня, 16:03

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin siyasi, iqtisadi və strateji müstəvidə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər iki ölkə arasında mövcud əməkdaşlığın yeni məzmunla zənginləşməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın genişlənməsinə əlverişli zəmin yaradır.

Ümumiyyətlə, Azərbaycan ilə Almaniya arasında siyasi və iqtisadi əlaqələr hər zaman qarşılıqlı hörmət, etimad və tərəfdaşlıq prinsipləri əsasında inkişaf edib. Bu münasibətlərin möhkəm təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Onun müstəqil Azərbaycanın Prezidenti kimi Almaniyaya etdiyi rəsmi səfər ölkələrimiz arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı oldu.

Sonrakı dövrdə Prezident İlham Əliyevin 2004-cü ildə Almaniyaya ilk rəsmi səfəri bu əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə mühüm töhfə verdi. Almaniyanın Azərbaycana göstərdiyi diqqət və maraq isə 2018-ci ildə Federal Kansler Angela Merkelin, 2023-cü ildə isə Federal Prezident Frank-Valter Ştaynmayerin ölkəmizə səfərlərində öz aydın ifadəsini tapdı.

Prezident İlham Əliyevin iyulun 20-də Almaniyaya rəsmi səfəri çərçivəsində Federal Kansler Fridrix Mers ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, həmçinin imzalanan sənədlər iki ölkə arasında münasibətlərin gələcək inkişaf perspektivlərinin olduqca geniş olduğunu göstərir.

Səfər zamanı "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması barədə razılığın əldə olunması iqtisadi əlaqələrin daha da genişlənəcəyindən xəbər verir.

Birgə Bəyannamədə dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipi xüsusi vurğulanıb. Bu, beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyin və tərəflərin qarşılıqlı etimadının göstəricisidir. Eyni zamanda Almaniyanın Azərbaycanın Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi təşəbbüsləri dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır.

Avropa İttifaqının aparıcı dövləti və iqtisadi güc mərkəzi olan Almaniyanın Azərbaycanla siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olması ölkəmizin beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir.

Azərbaycan Almaniyanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. Uzun illərdir ölkəmiz Almaniyaya neft ixrac edir və artıq bu ildən etibarən təbii qaz ixracına da başlanılıb. Azərbaycanın hər il xarici ölkələrə ixrac etdiyi 25 milyard kubmetr təbii qazın təxminən yarısı Avropa İttifaqına üzv olan on ölkəyə nəql edilir. Bu həcmin 1,5 milyard kubmetri Almaniyaya çatdırılır. Prezident İlham Əliyev çıxışında Almaniyaya qaz ixracının artırılması üçün geniş imkanların mövcud olduğunu vurğuladı.

Federal Kansler Fridrix Mers isə Azərbaycanın Avrasiya məkanında mühüm geosiyasi və geoiqtisadi mövqeyə malik ölkə olduğunu qeyd etdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı nəqliyyat və logistika layihələri ölkəmizi Avropa ilə Asiyanı birləşdirən etibarlı tranzit mərkəzinə çevirib. Bu infrastruktur Avropa dövlətlərinin Asiya bazarları ilə daha səmərəli əlaqələrinin qurulmasına mühüm töhfə verir.

Hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Əldə olunan razılaşmalara əsasən, alman şirkətləri ölkəmizin nəqliyyat və logistika infrastrukturunun daha da genişləndirilməsi layihələrində yaxından iştirak edəcəklər. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri enerji təhlükəsizliyi, logistika, qarşılıqlı investisiyalar, yüksək texnologiyalar və regional təhlükəsizlik sahələrində yeni əməkdaşlıq imkanları açmaqla yanaşı,

Orta Dəhlizin strateji əhəmiyyətinin daha da artmasına mühüm töhfə verəcək. Bu gün Almaniya Azərbaycanın Avropada ən mühüm siyasi və iqtisadi tərəfdaşlarından biri kimi çıxış edir.

Prezident İlham Əliyevin Almaniyaya son rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin daha da dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, siyasi dialoqun yeni inkişaf mərhələsinə qədəm qoymasına və strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm hadisə kimi qiymətləndirilməlidir.

Bu səfər, eyni zamanda, Azərbaycanın milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursunun növbəti mühüm nailiyyəti kimi tarixə düşəcək.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi