lider-media.az

“Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Baxış: 148 Tarix: Сегодня, 13:42

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Kraudfandinq haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində və 18.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 18.8-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanunun 3.2-ci maddəsinə uyğun olaraq, ofşor zonaların siyahısını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. “Kraudfandinq haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə uyğun olaraq, operatorun nizamnamə kapitalı və məcmu kapitalının minimum miqdarını, nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydasını, habelə strukturu və tərkibini;

3.1.2. həmin Qanunun 4.5-ci maddəsinə uyğun olaraq, mühüm iştirak payının əldə edilməsi üçün tələb olunan məlumatların təqdim edilməsi formasını;

3.1.3. həmin Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, operatorun reyestrə daxil edilməsi üçün tələb olunan məlumatların təqdim edilməsi formasını;

3.1.4. həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq, kraudfandinq platformasına dair texniki, təhlükəsizlik və funksionallıq tələblərini;

3.1.5. həmin Qanunun 10.1.1-ci, 13.1-ci, 13.2-ci və 16.6-cı maddələrinə uyğun olaraq, kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün hədəflənən pul vəsaitinin, fərdi investor tərəfindən bir kraudfandinq layihəsi və bir platforma üzrə qoyula bilən investisiyanın maksimum məbləğini, habelə kraudfandinq layihələrinin maliyyələşdirilməsi üzrə hədəflənən məbləğlərin peşəkar investorlar tərəfindən təmin edilməsinin minimum həddini;

3.1.6. həmin Qanunun 18.2.8-ci maddəsinə uyğun olaraq, operator tərəfindən investorların və layihə sahiblərinin şikayətlərinə baxılmasına dair tələbləri;

3.1.7. həmin Qanunun 18.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, maliyyə hesabatları istisna olmaqla, operator tərəfindən təqdim edilən hesabatların formasını, məzmununu və təqdim edilməsi qaydasını;

3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Bu Fərmanın 1-ci hissəsi “Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi