DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
İyulun 16-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 33 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 43, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eləcə də narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 43,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 11 min 777 ədəd xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 5 tüfəng, 4 patron darağı və 59 ədəd patron aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.