lider-media.az

Ərdoğan: “15 İyul dirənişinin dünya demokratiya tarixində bənzəri yoxdur”

Baxış: 171 Tarix: Сегодня, 12:54

Türk siyasi tarixinin ən qanlı və amansız çevriliş cəhdlərindən biri bundan 10 il əvvəl – 15 iyul 2016-cı ildə baş verdi. 

Ölkəmizin dövlət qurumlarına gizlicə sızmış terror şəbəkəsi tərəfindən həyata keçirilən bu xain çevriliş cəhdinin məqsədi Türkiyəni uzun illər davam edəcək xaosa sürükləmək, xalqımızın iradəsini və gələcəyini əsarət altına almaq idi.

Lakin istiqlalına və gələcəyinə sahib çıxan əziz xalqımız qiyamçılara qarşı misilsiz qəhrəmanlıq nümayiş etdirərək milli iradənin əsla əsir alınmayacağını bütün dünyaya göstərdi. Türk xalqının 15 iyul gecəsi ortaya qoyduğu cəsarət, fədakarlıq və uzaqgörənlik dünya demokratiya tarixində bənzəri olmayan bir dirənişdir.

Fətullahçı Terror Təşkilatının (FETÖ) həyata keçirdiyi bu xain çevriliş cəhdi adi hərbi qiyamdan daha artıq, dövlətimizin müstəqilliyini hədəf alan işğal təşəbbüsü idi. Qiyamçıların ilk hədəfi milli iradənin təcəssümü olan Prezident Aparatı və Türkiyə Böyük Millət Məclisi oldu. Həmin gecə etdiyim müraciətdə xalqın iradəsindən üstün heç bir qüvvə tanımadığımı vurğulamışdım.

 Bu inamla küçələrə axışan xalqımız terror şəbəkəsinin hökmranlığını qətiyyətlə rədd etdi, ölkəsinin müstəqilliyini, demokratiyasını və azad iradəsini canı bahasına qorudu. Bununla da nəsillər boyu qürurla xatırlanacaq milli iradə dastanı yazıldı.

Xalqımızın bu möhtəşəm müqavimətindən aldığımız güclə çevriliş cəhdinin bütün mənfi nəticələrini aradan qaldırmaq üçün dərhal hərəkətə keçdik. Dövlət idarəçiliyində genişmiqyaslı struktur islahatları həyata keçirərək demokratik sistemimizə təhlükə yarada biləcək bütün boşluqları aradan qaldırdıq. Paralel olaraq digər terror təşkilatlarına qarşı daxildə və xaricdə apardığımız əməliyyatlarla mühüm uğurlar qazandıq.

Nəticədə birlik və həmrəyliyimizi daha da möhkəmləndirən "Terrorsuz Türkiyə" prosesinə başladıq. "Türkiyə əsri" hədəflərimizin əsas mərhələlərindən biri olan bu proses təhlükəsizlik qurumlarımızın səyləri və siyasi iradənin dəstəyi ilə inamla irəliləyir. İnanıram ki, onun uğuru təkcə Türkiyənin deyil, bütün regionun sabitliyi və rifahı üçün mühüm töhfə olacaq.

Bu çevriliş cəhdi ölkəmizin iqtisadi inkişafını da hədəfə almışdı. Lakin həyata keçirdiyimiz layihələr sayəsində enerji, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı, texnologiya və müdafiə sənayesi sahələrində mühüm nailiyyətlər əldə etdik. Son on ildə Milli Texnologiya Hərəkatı çərçivəsində müdafiə, aviasiya və kosmik sənayedə böyük sıçrayışa nail olduq. Elektrikli və ağıllı nəqliyyat sistemləri inkişaf etdirdik, səhiyyə və kənd təsərrüfatına böyük investisiyalar yatırdıq. Dünyada rəqabət qabiliyyəti qazanan milli markalarımız formalaşdı.

Elektrikli avtomobilimiz TOGG, milli döyüş təyyarəmiz KAAN, milli korvetlərimiz və pilotsuz uçuş aparatlarımız bunun ən parlaq nümunələridir.
Ötən on il ərzində Türkiyə təşəbbüskar xarici siyasəti ilə regional və qlobal böhranların həllində söz sahibi olan ölkələrdən birinə çevrilmişdir. Biz hər zaman güclünün deyil, haqlının və məzlumun yanında olduq, sülhün və sabitliyin təmin olunması üçün məsuliyyət daşımaqdan çəkinmədik.

Harada zülm və ədalətsizlik varsa, orada beynəlxalq hüququn, vicdanın və ədalətin səsini ucaltdıq. Bu gün Türkiyənin regional və qlobal məsələlərdə etibarlı tərəfdaş kimi qəbul olunmasının əsasında 15 İyul gecəsi istiqlalı və gələcəyi uğrunda canından keçən əziz xalqımızın iradəsi dayanır.

Terrorla mübarizə xarici siyasətimizin əsas prioritetlərindən biri olaraq qalır. Məlum olduğu kimi, son iki ildə FETÖ-nün xaricdəki strukturlarında ciddi parçalanma prosesi müşahidə olunur. Bununla yanaşı, bəzi dövlətlərin bu terror təşkilatına gizli dəstək verməsi və onun üzvlərinə sığınacaq təqdim etməsi faktlarını da dəqiqliklə müəyyən etmişik.

Məqsədlərinə çatmaq üçün müxtəlif kimliklər altında fəaliyyət göstərən, demokratiya, azadlıq və insan hüquqları kimi ali dəyərlərdən sui-istifadə edən FETÖ-yə qarşı beynəlxalq ictimaiyyətin diqqətli və prinsipial mövqe sərgiləməsi son dərəcə vacibdir. 15 İyul gecəsi 253 vətəndaşını şəhid vermiş bir xalq olaraq əsas gözləntimiz

Türkiyənin terrorla mübarizəsinə qətiyyətli dəstəyin göstərilməsidir. Qlobal sülhün, təhlükəsizliyin və rifahın təminatı yalnız terror təşkilatlarına qarşı ayrı-seçkilik edilmədən aparılan qətiyyətli mübarizə və səmimi beynəlxalq əməkdaşlıq sayəsində mümkündür.

Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi