lider-media.az

Səhiyyə naziri ATU məzunlarını təbrik edib

Baxış: 166 Tarix: Сегодня, 22:01

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Məzun günündə dövlət və ictimaiyyət nümayəndələri, Milli Məclisin üzvləri, səhiyyə işçiləri, universitetin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev məzunları təbrik edərək bildirib ki, bu gün onların həyatında yeni mərhələnin başlanğıcıdır. Nazir qeyd edib ki, ölkəmizdə səhiyyə və tibb təhsilinin inkişafı ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin mühüm istiqamətlərindən biri olub. Onun sözlərinə görə, Ulu Öndər əhalinin sağlamlığının qorunmasını dövlət siyasətinin prioritet məsələsi kimi qiymətləndirir, səhiyyə sisteminin və tibb təhsilinin inkişafına xüsusi diqqət yetirirdi.
Teymur Musayev çıxışında Azərbaycan Tibb Universitetinin yetirməsi olan görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın tibb elminə və tibb təhsilinə verdiyi misilsiz töhfələri də xüsusi vurğulayıb. Bildirib ki, Zərifə Əliyevanın elmi irsi və formalaşdırdığı məktəb bu gün də peşəkar həkim və alimlərin yetişməsində mühüm rol oynayır.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatlardan bəhs edərək son illərdə müasir tibb müəssisələrinin yaradıldığını, səhiyyənin maddi-texniki bazasının gücləndirildiyini, rəqəmsal həllərin və keyfiyyətli tibbi xidmətlərin geniş tətbiq olunduğunu diqqətə çatdırıb. O, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səhiyyə işçilərinə göstərdiyi davamlı diqqət və qayğını yüksək qiymətləndirib.
Teymur Musayev qeyd edib ki, səhiyyədə aparılan genişmiqyaslı islahatlar tibb təhsilinin qarşısında yeni hədəflər qoyur. Süni intellekt, fərdiləşdirilmiş tibb və innovativ müalicə üsulları səhiyyənin simasını dəyişir. Sabahın həkimi yalnız yüksək nəzəri biliklərə malik deyil, dəyişən dünyaya uyğunlaşan, öyrənməyi həyat tərzinə çevirən, yeni texnologiyaları mənimsəyən mütəxəssis olmalıdır. Bu böyük missiyanın davamçıları da sizlərsiniz.
Nazir vurğulayıb ki, Azərbaycan Tibb Universitetinin hər buraxılışı ölkənin səhiyyə sistemi üçün mühüm hadisədir və yeni məzunlar gələcəkdə vətəndaşların sağlamlığının qorunmasına öz töhfələrini verəcəklər.

Universitetin rektoru, professor Gəray Gəraybəyli də məzunları təbrik edərək onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, gənclərin hərtərəfli inkişafı və keyfiyyətli təhsil alması həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Tədbirdə çıxış edən digər qonaqlar ölkədə tibb təhsilinin inkişafına göstərilən dövlət qayğısından bəhs edərək Azərbaycan Tibb Universitetinin zəngin ənənələrə malik ali təhsil müəssisəsi olduğunu vurğulayıb, məzunların gələcəkdə səhiyyənin inkişafına layiqli töhfələr verəcəklərinə əminliklərini ifadə ediblər.

Mərasimin ən yaddaqalan anlarından biri məzunların Hippokrat andını qəbul etməsi olub. Gənc həkimlər gələcək peşə fəaliyyətlərində insan sağlamlığının keşiyində vicdanla dayanacaqlarına and içiblər.

Daha sonra təhsilini fərqlənmə diplomu ilə başa vuran məzunlara diplomlar səhiyyə naziri Teymur Musayev və universitetin rektoru Gəray Gəraybəyli tərəfindən təqdim olunub.

Qeyd edək ki, 2025/2026-cı tədris ilində Azərbaycan Tibb Universitetinin 9 ixtisas üzrə 1270 tələbəsi məzun olub.
Tədbir professor-müəllim heyətinin və valideynlərin məzunlara ünvanladıqları xoş arzularla davam edib. Tədbirin bədii hissəsində tanınmış incəsənət nümayəndələri və universitet tələbələri çıxış edib, Hərbi tibb fakültəsinin tələbələri isə vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi