
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 75 (Cild I) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”nin 9-cu hissəsi aşağıdakı redaksiyada verilsin:
“9. Qoruğun ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, İdarə ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2026-cı il