“Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə mayın 31-də erkən uşaqlıq dövründə düzgün inkişafla bağlı məlumatlılığın artırılması, bu istiqamətdə mütəxəssis hazırlığının, qurumlar arasında koordinasiyanın təmin edilməsi məqsədilə “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, ökəmizdə uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur və uşaqların cəmiyyətin, ailənin və ən başlıcası dövlətin kapitalıdır. Bu kapitalın qorunması, uşaqların sağlam ruhda tərbiyə edilməsi kompleks bir işdir və hər birimizin borcudur.
Erkən uşaqlıq dövrünün uşaqların hərtərəfli yetişdirilməsi prosesinin vacib komponenti olduğunu vurğulayan Komitə sədri, bu dövrün uşaq həyatının əqli, fiziki, sosial-emosional inkişafı, eləcə də nitqinin inkişafı üçün əhəmiyyətli olduğunu deyib. O, əlavə edib ki, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və ondan irəli gələn 2020–2025-ci illər üçün Fəaliyyət Planında da erkən uşaqlıq dövründə inkişaf vacib istiqamətlərdən biri kimi müəyyənləşib.
Erkən uşaqlıq dövründə inkişaf üzrə yol xəritəsi və fəaliyyət planının hazırlandığını diqqətə çatdıran Komitə sədri, bu sənədin Azərbaycanın milli gündəliyində prioritet daşıyan vacib məsələlərin həllinə yönəlməklə, dəyişikliklərin sürətləndirilməsinə xidmət etdiyini qeyd edib.
Qarşıda mühüm hədəflərin oldğunu deyən B. Muradova bildirib ki, bu məqsədlərə nail olmaq üçün səylərimizi birləşdirmək, müvafiq ölkələrin təcrübələrini öyrənmək vacibdir: “Bu baxımdan Komitə ilə Türkiyənin müvafiq qurumu arasında imzalanmış memorandum çərçivəsində sağlam ailə mühitinin və ailə institutunun gücləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində birgə çoxsaylı tədbirlər həyata keçirilir”.
Komitə sədri çıxışının sonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edib, onlara xoşbəxtlik, sağlam və təhlükəsiz həyat, rifah və səadət arzulayıb.
Çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğının artırılması məqsədilə 2009-cu ilin “Uşaq İli” elan edilməsinə diqqət çəkib. O, vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir: “Bu məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətləri kimi, reproduktiv sağlamlığın təmin edilməsi; uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqi, uşaqların sağlam böyüməsinin təmin edilməsi, tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının artırılması müəyyən edilib”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Azərbaycanda bütün sahələrin dinamik inkişafına diqqət çəkərək, uşaqların sosial müdafiəsi, keyfiyyətli sosial təminatının həyata keçirilməsi sahəsində irəliləyişlərə nail olunduğunu qeyd edib. O, uşaq qayğı sisteminin formalaşması və inkişafı
istiqamətində həyata keçirilən mühüm tədbirləri diqqətə çatdıraraq, xüsusilə də valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Nazir müavini himayədar ailə qayğı modeli, günərzi qayğı mərkəzləri, uşaq evi sosial xidmət müəssisələri, əlilliyi olan uşaqların reabilitasiyası istiqamətində statistik rəqəmləri diqqətə çatdıraraq, uşaqların övladlığagötürmə məsələsinin, himayədar ailələrə verilməsinin mərkəzləşdirilmiş və elektron qaydada aparıldığını, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara müavinətlərin təsis olunduğunu qeyd edib.
Erkən uşaqlıq dövrünün insanın sonrakı yaş mərhələlərində qazandığı uğurun təməlində dayandığını vurğulayan Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, eyni zamanda bu dövrün uşaqların sosial-emosional və idraki sağlamlığı üçün də vacib olduğunu bildirib.
Qeyd olunub ki, aktual mövzuya həsr olunmuş bu konfrans müvafiq istiqamətdə gələcəkdə vahid koordinasiyalı fəaliyyətin qurulması baxımından yaxşı bir platformadır. M.Vəliyeva çıxışının sonunda erkən uşaqlıq dövrünün inkişafı məqsədilə həm uşaqlar, həm də valideynlər üçün həyata keçirilən model layihələri diqqətə çatdırıb.
Erkən uşaqlıq dövründə inkişafla bağlı təlim çərçivəsində Türkiyədən dəvət edilən nümayəndə heyətinin rəhbəri Metin Sabancı Xüsusi Təhsil və Reabilitasiya Mərkəzinin müdiri, fizioterapevt Turqay Arık çıxışında qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edib, həmçinin ölkəmizdə fəaliyyət göstərən bir qrup uşaq mütəxəssisləri üçün keçirilən 3 günlük təlimin maraqlı və yaddaqalan olduğunu bildirib.
UNİCEF-in Azərbaycan Nümayəndəsinin müavini səlahiyyətlərini icra edən Leyla Həsənova mötəbər tədbirdə iştirakdan məmnunluğunu ifadə edib. O, erkən yaş dövründə əldə edilmiş bacarıqların uşaqların gələcək təhsili və uğurlu fəaliyyəti üçün təməl yaratdığını vurğulayıb. Əlavə edib ki, erkən yaş dövründə inkişaf 2030-cu il gündəliyinə daxil olmaqla, XXI əsrin beynəlxalq prioritetlərindən birinə çevrilib: “Sevindiricidir ki, Azərbaycan hökuməti və tərəfdaşlar erkən yaşdan insan kapitalına investisiyanı inkişafın təməl elementi kimi qəbul edir. Erkən uşaqlıq dövründə inkişaf ölkənin də iqtisadi artımının ən böyük amillərindən biridir” - deyə o bildirib.
Daha sonra Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Səmra Əliyeva Erkən Uşaqlıq Dövrünün İnkişafı - EUDİ.az portalının 11 aylıq fəaliyyətini əks etdirən qısa icmalla çıxış edib.
Tədbir ”Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafı” mövzularında panel müzakirələrlə davam edib.