Baş Prokurorluq tərəfindən Gəncədə «Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma» adlı işgüzar konfrans keçirilib
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, mayın 30-da Gəncədə «Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma» adlı işgüzar konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Daha sonra isə iştirakçılar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhərdə yerləşən Heydər Əliyev adına parkda ağaclar əkib. Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Baş Prokurorun müavini Heydər Məmmədov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə ölkə ərazisində ekoloji mühitin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də paytaxtda və respublikamızın bütün bölgələrində yaşıllaşdırma işinə xüsusi önəm verildiyini qeyd edib. Heydər Məmmədov çıxış zamanı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə respublika ərazisində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində kompleks işlərin həyata keçirildiyini vurğulayıb. Konfrans zamanı çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verdiyini, aparılan kompleks tədbirlərin Gəncə şəhəri ərazisində də davam etdirildiyini qeyd edib. Konfransda aktual mövzular üzrə çıxışlar edildikdən sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında “Yaşıl dünya naminə” səmərəli müzakirələr aparılıb, təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Televiziyası tərəfindən ərsəyə gətirilmiş “Azərbaycanın ekoloji siyasəti” adlı sənədli film izlənilib. Sonda xatirə fotoşəkli çəkilib.