Kamilə Əliyeva: " Azərbaycan Ordusu: "Güclü dövlətin sarsılmaz dayağı"

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. 1918-ci il iyunun 26-da hökumətin qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu yaradıldı və bununla da milli silahlı qüvvələrin təməli qoyuldu. Lakin cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli ordu quruculuğu prosesi də dayandırıldı.
1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə Azərbaycanda milli hərbi kadrların hazırlanması istiqamətində yeni mərhələ başlandı. Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Bu təhsil ocağı milli zabit kadrlarının yetişdirilməsində mühüm rol oynadı, gənclərin hərbi peşəyə marağını artırdı.
Eyni zamanda, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Bakı Ali Hərbi Dənizçilik Məktəbində və keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərində təhsil almaları üçün geniş imkanlar yaradıldı.
1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ordu quruculuğunda dönüş nöqtəsi oldu. 1994-cü ildə Ermənistanla atəşkəsin əldə edilməsindən sonra Silahlı Qüvvələrin formalaşdırılması sürətləndirildi, ordunun maddi-texniki bazası gücləndirildi, hərbi idarəetmə sistemi təkmilləşdirildi.
Ümummilli Liderin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi və qeyri-iş günü kimi təsbit olundu. Sonrakı illərdə hərbi təhsil sisteminin inkişafı istiqamətində mühüm addımlar atıldı. 1999-cu ildə Hərbi Akademiya yaradıldı, 2001-ci ildə isə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali hərbi təhsil müəssisələrinin fəaliyyəti daha da təkmilləşdirildi.
1990-cı illərin ortalarından etibarən Azərbaycanın NATO ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Bu əməkdaşlıq Silahlı Qüvvələrin modernləşdirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına və müasir standartların tətbiqinə mühüm töhfə verdi.
Azərbaycan hərbçiləri Kosovo, Əfqanıstan və İraqda beynəlxalq sülhməramlı missiyalarda uğurla iştirak edərək böyük təcrübə qazandılar.
Müdafiə sənayesinin inkişafı da ordumuzun güclənməsində mühüm rol oynadı.
Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə yüzlərlə adda müdafiə təyinatlı məhsul istehsal olunmağa başlandı və Azərbaycan ordusunun yerli istehsal hesabına təminatı genişləndirildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ordunun maddi-texniki bazası ən müasir silah və texnika ilə gücləndirildi, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Bu gün Azərbaycan Ordusu Qafqazın ən güclü və müasir ordularından biri hesab olunur. Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları, Quru Qoşunları və Hərbi Dəniz Qüvvələri yüksək döyüş hazırlığına malikdir. Prezident İlham Əliyevin dediyi kimi: "Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik."
Bu fikir 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistan silahlı qüvvələrini məğlub edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Bu tarixi Zəfər Azərbaycan əsgərinin qəhrəmanlığı, xalq-iqtidar birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi sayəsində əldə olundu. Müharibə zamanı tətbiq edilən müasir döyüş taktikası dünyanın hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirildi və bir sıra xarici hərbi təhsil müəssisələrində öyrənilməyə başlandı.
Zəfərdən sonra orduda genişmiqyaslı islahatlar həyata keçirildi. Komando hərbi hissələri yaradıldı, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. 2022-ci ildə Milli Müdafiə Universitetinin yaradılması və hərbi təhsil sisteminin yenidən təşkili ordunun gələcək inkişafına xidmət edən mühüm qərarlardan oldu.
Vətən müharibəsində göstərilən igidliyə görə "Zəfər", "Qarabağ" ordenləri və "Vətən Müharibəsi Qəhrəmanı" adı da daxil olmaqla yeni orden və medallar təsis edildi, minlərlə hərbi qulluqçu dövlət təltifləri ilə mükafatlandırıldı.
Bu gün Azərbaycan Ordusu regionun təhlükəsizliyinin əsas təminatçılarından biridir. Güclü iqtisadiyyat, müasir hərbi sənaye, peşəkar şəxsi heyət və xalqın öz ordusuna sonsuz inamı Silahlı Qüvvələrimizin daha da qüdrətlənməsinə xidmət edir.
Şübhə yoxdur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olaraq yeni uğurlara imza atacaq.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Səhiyyə Nazirliyi: Qanvermə aksiyalarında 2821 könüllü donor iştirak edib, 1269,45 litr qan toplanıb