lider-media.az

Kamilə Əliyeva: Bakıda keçirilən İİB toplantısı Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir

Baxış: 114 Tarix: Сегодня, 15:43


Son illərdə Azərbaycan nüfuzlu beynəlxalq və qlobal tədbirlərə uğurla ev sahibliyi edir. Bu, təbii ki, xalqımızı sevindirən və qürurlandıran mühüm amillərdəndir. Çünki ölkəmiz iqtisadi baxımdan güclənmiş, beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirmişdir. İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantısının Bakıda keçirilməsi də məhz bu inkişafın və beynəlxalq etimadın bariz göstəricisidir.

Yüksəksəviyyəli dövlət rəsmilərinin, üzv ölkələrin maliyyə, iqtisadiyyat, planlaşdırma, inkişaf və investisiya nazirlərinin, beynəlxalq və regional maliyyə institutlarının rəhbərlərinin, eləcə də özəl sektor nümayəndələrinin iştirak etdiyi toplantının əsas mövzusu “Dayanıqlı rifah naminə regional inteqrasiya” olub. Tədbir çərçivəsində İİB Qrupuna üzv olan 57 ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, davamlı inkişafın təşviqi, regional inteqrasiyanın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb, yüksəksəviyyəli dialoqlar təşkil olunub. Sahibkarlıq subyektlərinin və kiçik və orta biznesin (KOB) dəstəklənməsi, eləcə də innovasiyayönümlü inkişafın təşviqi diqqət mərkəzində olub.

Toplantıda bir sıra mühüm prioritet istiqamətlər ön plana çıxarılıb. Belə ki, “Azərbaycanın investisiya görünüşü” adlı tədbirdə vurğulanıb ki, Azərbaycan güclü fiskal göstəricilər və praqmatik iqtisadi siyasət əsasında investorlara sabit və dayanıqlı iqtisadi mühit təqdim edir. Bildirilib ki, ölkənin strateji valyuta ehtiyatları ümumi daxili məhsulun həcmini üstələyir və bu amil makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə xidmət edir.

Toplantı çərçivəsində Azərbaycanın suveren kredit reytinqinin investisiya səviyyəsində saxlanılması, halal iqtisadiyyatın qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən istiqamətlərindən biri kimi formalaşması, iqtisadi rifahın artırılması, dövlət siyasətinin prioritetləri, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin təkmilləşdirilməsi və innovasiyaların təşviqinə yönəlmiş islahatlar geniş müzakirə olunub. Çıxış edənlər İİB Qrupunun 51-ci İllik Toplantısının Bakıda keçirilməsini yüksək qiymətləndirərək bunun Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıqdakı rolunun göstəricisi olduğunu qeyd ediblər.

Eyni zamanda vurğulanıb ki, Azərbaycan davamlı və inklüziv iqtisadi artımın təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirir. Ölkə 2023–2026-cı illəri əhatə edən Davamlı Maliyyə Yol Xəritəsinin icrası və milli maliyyə axınlarının ekoloji və sosial prioritetlərlə uyğunlaşdırılmasına xidmət edən Milli Yaşıl Taksonomiyanın hazırlanması sahəsində mühüm nailiyyətlər əldə edib.

Prezident cənab İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan İİB-nin İllik Toplantısına ikinci dəfə ev sahibliyi edir və bu fakt tərəflər arasında mövcud olan sıx əməkdaşlığın, qarşılıqlı etimadın və tərəfdaşlığın göstəricisidir. Dövlət başçısı qeyd edib ki, əvvəlki toplantı İİB Qrupu ilə əməkdaşlığın daha da genişlənməsinə, iqtisadiyyatın şaxələndirilməsi, enerji sektorundan asılılığın azaldılması və islahatların sürətləndirilməsi istiqamətində mühüm töhfə verib. Onun sözlərinə görə, ötən dövr ərzində regionda və dünyada çoxsaylı dəyişikliklər baş versə də, Azərbaycanın sabit və uğurlu inkişaf xətti dəyişməz qalıb.

Apardığımız iqtisadi təhlillər göstərir ki, İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha bir təsdiqidir. Bu tədbir ölkəmizin regional və beynəlxalq tərəfdaşlıqlarının möhkəmlənməsinə, İslam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə, Azərbaycanın iqtisadi və investisiya potensialının dünya ictimaiyyətinə daha geniş təqdim olunmasına mühüm töhfə verəcək.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın iqtisadi-siyasi nüfuzu son illərdə əhəmiyyətli dərəcədə artıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət ölkənin davamlı inkişafının təmin edilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanın qlobal iqtisadi məkandakı mövqeyinin daha da gücləndirilməsinə xidmət edir.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi