1 il əvvəlin təntənəsi göstərdi ki, ölkələrimiz dar gündə olduğu kimi, şad gündə də bir yerdədir
2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən, “Əsrin fəlakəti” adlandırılan dəhşətli zəlzələ hamımızın xatirindədir. Azərbaycan dövləti və xalqı dar gündə qardaş ölkənin yanında oldu. Fəlakətin ilk günündən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərinə dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları, eləcə də könüllülər yönəldildi.
Paytaxt Bakı başda olmaqla, ölkənin bütün bölgələrində zəlzələdən zərər çəkənlərə göndərmək üçün zəruri əşya və avadanlıqların toplanması ümumxalq aksiyasına çevrildi. O günlər hər bir azərbaycanlının qəlbi Kahramanmaraşda, Hatayda, Diyarbəkirdə əzizlərini itirmiş, yaralanmış türkiyəli qardaş və bacıların yanına döyünürdü. Azərbaycandan təbii fəlakətin baş verdiyi zonaya mindən çox heyət, o cümlədən həkimlər göndərildi və onlar dərhal işə başladılar. Məhz bu heyətin səyi nəticəsində 53 insan dağıntılar altından sağ-salamat çıxarıldı, qurduğumuz iki səhra hospitalında 3200 insana həkimlərimiz tibbi yardım göstərdilər.
Qəfil baş vermiş təbii fəlakətdən əziyyət çəkən Türkiyəyə yardımımız bununla bitmədi. Dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Bu, “bir millət, iki dövlət” fəlsəfəsinin dar gündə parlaq təcəssümü, can Azərbaycanın bağrından qopan qardaşlıq duyğularının ifadəsi idi. Qısa müddət ərzində aparılan inşaat işləri 2025-ci il iyununda başa çatdırıldı.
ARAYIŞ: Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti yaradılıb.
2025-ci il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində iki lider, iki qardaş, iki səmini dost – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanaşı durmuşdular.
Azərbaycan Prezidenti İlham Əliyev mərasim iştirakçıları tərəfindən coşqu ilə qarşılanan çıxışında iki liderin, iki xalqın, iki dövlətin dostluq və birliyinin əbədi sarsılmazlığından danışdı: “Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür. Qarabağ məsələsində də biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi siyasi, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması gücümüzə güc qatıb. “Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir. Bu gün Türkiyə–Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir”.
***
Bəli, biz hilallı-ulduzlu bayrağı daim başımızdan uca tutan, istiqlalı üçün qurbanlar verən bir millətin, iki dövlətin övladları olduğumuzu o ağır günlərdə bütün dünyaya nümayiş etdirdik. Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsinin gələcək nəsillər tərəfindən Türkiyə ilə Azərbaycan arasında təmənnasız bağların, tale birliyinin bariz nümunələrindən biri kimi anılacağı şübhəsizdir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimdəki çıxışı iki dövlət və xalq arasında qardaş köməyini, qədər birliyini və həmrəyliyini təcəssüm etdirirdi: “Bu çətin dövrdə ölkəmizin köməyinə ilk gələnlərdən biri Can Azərbaycandır. Fəlakət xəbərini alar-almaz “Səninləyəm, Türkiyəm!” deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan”, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var. “Azərbaycan” məhəlləmiz bizim ən mötəbər layihələrimizdən biridir, qürur tablomuzdur. Zəlzələ nəticəsində dağılan bu məhəllə indi Azərbaycanın dəstəyi ilə yenidən canlanır. İlham qardaşımın da daim nəzarətdə saxladığı bu layihə burada məskunlaşacaq qardaşlarımıza etibarlı, firavan yuva, görənlərin həsəd aparacağı, özünə heyran qoyacağı bir əsər olacaq, İnşallah. Təkcə evləri ilə deyil, parkları, bağları, mədəniyyət mərkəzi, Heydər Əliyev adına orta məktəbi ilə bura Türkiyə yüzilliyinin qabaqcıl şəhərlərinə yaraşacaq bir yaşayış sahəsi olaraq dirçəldilir”.
3 il 4 ay bundan əvvəl qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ həm də birliyimiz və sədaqətimiz üçün bir sınaq oldu – desək, yəqin səhvə yol vermiş olmarıq. Təbii fəlakət ayaqlarımzın altındakı torpağı silkələsə də, dostluğumuzu, soydaşlığımızı sarsıda bilmədi. Əksinə, eyni soydan gələn bir millətin övladları, iki dövlətin vətəndaşları olaraq bu sınaqdan alnıaçıq, üzüağ çıxdıq. Həm də bütün dünyanın gözü qarşısında qarşılıqlığın, səmimiyyətin, sədaqətin sarsılmazlıq möhürünü vurmuş olduq. Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində daş üstünə qoyulan hər daşda, vurulan hər mismarda Azərbaycan türkünün qürurlu alın təri, içdən gələn xeyir-duası var.
TƏBİİ FƏKALƏTİN ACI STATİSTİKASI: 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyənin 11 əyalətində baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 12 min 796-sı kahramanmaraşlıdır. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.
Bu məqamda 5 il bundan öncə iki liderin, iki prezidentin Şuşa şəhərində imzaladıqları Şuşa Bəyannaməsini yada salmağımız tam yerinə düşər. Dost və qardaş “iki dövlət, bir millət”, arasındakı əlaqələri ən yüksək zirvəyə qaldıran həmin Bəyannamə belə heç vaxt çat verməyəcək münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə qaldırmış oldu. Bəli, biz dost, qardaş, eyni zamanda, müttəfiqik. Bunu isə qlobal çağırışlarla müşayiət olunan çağdaş dünyamızın pozulan düzəni tələb edirdi. Türkiyə və Azərbaycan bütün sahələrdə əl-ələ verərək, bütün çətinlikləri bərabər aşaraq, çiyin-çiyinə inamla və qətiyyətlə yalnız irəliyə doğru addımlayır. Bu gün belədir, sabah da belə olacaq.
Yazımızı bir il bundan əvvəl Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kahramanmaraşlı mərhum şair Abdülrahim Karakoçun Xocalı soyqırımından dərhal sonra qələmə aldığı duyğu dolu şeirindən misal gətirdiyi misralarla bitiririk:
Bəxtinə ağlayan Azəri qızı,
Sən Qarabağ deyirsən, mən Qarayazı.
Boşluqda çırpınır Türkün avazı,
Sanma ki, dərdlərin azı bizdədir,
Sizdəki yaranın özü bizdədir.


Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İyunun 20-də gözlənilən hava şəraiti
Jurnalist vəsiqəsinin verilməsinə görə ödəniş ləğv edilir
Yanvar-may aylarında DOST mərkəzlərində 416 min vətəndaşa xidmət göstərilib
19 İyun – Ümumdünya Uşaq Futbolu Günü: Gələcəyin çempionlarına həsr olunan bayram
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Ombudsmanların Beynəlxalq Bakı Sammiti
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - VİDEO
Ağ örtüyə bürünən qız -ESSE
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması
ABŞ konqresmeni Milli Məclisdə
18 İyun – İnsan Hüquqları Günü: Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri
Azərbaycanın Baş naziri Daşkənd Forumunda
Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər imzalanıb
“Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına
Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub
AZAL bu ay Naxçıvana 47 mindən çox sərnişin daşıyıb

Yer kürəsi təhlükəli həddə yaxınlaşır: 1,5 dərəcəlik sərhəd aşılır
Alimlərdən gözlənilməz araşdırma: Şəkərdən tam imtina sağlamlıq üçün risk yarada bilər
Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir