Bu gün Azərbaycan milli mətbuatının banisi, böyük maarifçi və ictimai fikir tariximizin görkəmli siması Həsən bəy Zərdabinin qızı, tanınmış pedaqoq Qəribsoltan Məlikovanın anadan olmasının 140-cı ildönümüdür. Onun ömür yolu yalnız bir ailənin deyil, bütövlükdə Azərbaycan qadınının elmə, təhsilə və cəmiyyət həyatına yüksəliş tarixinin parlaq səhifələrindən biridir.
Azərbaycan tarixində elə ailələr var ki, onların fəaliyyəti bütöv bir dövrün mənəvi simasını müəyyənləşdirir. Zərdabilər ailəsi də belə ocaqlardan biridir. Bu ocaqda təkcə qəzet nəşr edilmədi, təkcə maarifçilik ideyaları yayılmadı; burada gələcək nəsillərin taleyinə işıq salan insanların xarakteri formalaşdı. Həmin işığın davamçılarından biri də Qəribsoltan xanım idi.
Qəribsoltan Həsən bəy qızı Məlikova 1886-cı il iyunun 11-də Zərdabda dünyaya gəlib. Onun doğulduğu evdə kitab, elm, milli düşüncə və xalq sevgisi gündəlik həyatın ayrılmaz hissəsi idi. Atası Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının əsasını qoymuş, anası Hənifə Məlikova isə Şərqdə ilk maarifçi qadınlardan biri kimi tanınmışdı. Belə bir mühitdə böyüyən Qəribsoltan xanımın gələcək həyatını maarifçilik yoluna həsr etməsi təbii görünürdü.
O, Tiflisdə rus-qız gimnaziyasında təhsil almış, daha sonra anasının rəhbərlik etdiyi nümunəvi qız məktəbində oxumuşdu. Həmin dövrdə azərbaycanlı qızların təhsil alması hələ də istisna sayılırdı. Buna görə Qəribsoltan xanımın keçdiyi yol yalnız şəxsi uğur deyil, milli tərəqqinin göstəricisi idi.
Atasının vəfatından üç il sonra, 1910-cu ildə pedaqoji fəaliyyətə başlayan Qəribsoltan xanım ömrünün yarım əsrdən çoxunu məktəbə, şagirdlərə və maarif işinə həsr etdi. O, Bakıdakı rus-tatar qız məktəblərində, gimnaziyalarda və müxtəlif təhsil müəssisələrində çalışaraq yüzlərlə gəncin savadlanmasına xidmət göstərdi. Müəllimlik onun üçün sadəcə peşə deyil, vətəndaşlıq missiyası idi.
1914-cü ildə imperator III Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurası qarşısında imtahan verərək xalq məktəbləri müəllimi adını qazanması həmin dövr üçün mühüm hadisə idi. Bu uğur həm Zərdabi ailəsinin maarifçilik ənənələrinin, həm də Azərbaycan qadınının intellektual potensialının təsdiqi kimi qiymətləndirilirdi.
Qəribsoltan xanımın həyatında diqqət çəkən məqamlardan biri də onun şəxsi rifahını deyil, cəmiyyətə xidməti üstün tutmasıdır. O, ailə qurmadı, bütün ömrünü müəllimliyə və gənc nəslin tərbiyəsinə sərf etdi. Müharibə illərində və sonrakı çətin dövrlərdə də pedaqoji fəaliyyətini davam etdirərək uşaqların təhsil almasında mühüm rol oynadı. Mənbələrdə onun bəstəkar Rauf Hacıyevin formalaşmasında da xüsusi qayğı göstərdiyi qeyd olunur.
Əməyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. 1948-ci ildə ona “Əməkdar müəllim” fəxri adı verildi, təhsil sahəsindəki xidmətlərinə görə yüksək dövlət mükafatları ilə təltif olundu. Lakin onun ən böyük mükafatı yetişdirdiyi minlərlə şagirdin sevgisi və hörməti idi.
Qəribsoltan Məlikova həm də atasının irsinin qorunmasında mühüm xidmətlər göstərmişdir. Həsən bəy Zərdabi haqqında xatirələr yazmış, onun həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması üçün çalışmışdır. Zərdabi irsinin yaşamasında və araşdırılmasında onun zəhməti xüsusi yer tutur.
İctimai xadim, maarifpərvər insan, ziyalı xanım Qəribsoltan Məlikova 1967-ci il martın 9-da Bakı şəhərində vəfat edib.
Bu gün Qəribsoltan Məlikovanın adı Azərbaycan maarif tarixində ehtiramla çəkilir. Onun ömür yolu göstərir ki, xalqın tərəqqisi üçün ən güclü vasitə silah deyil, məktəbdir; ən böyük sərvət isə savadlı, düşünən və vətəninə bağlı insan yetişdirməkdir.
Qəribsoltan xanım Zərdabi ocağının yandırdığı maarif məşəlini ləyaqətlə daşıdı və onu gələcək nəsillərə ötürdü. Aradan onilliklər keçsə də, onun müəllim fədakarlığı, vətəndaş mövqeyi və maarifçilik ruhu Azərbaycan təhsil tarixinin ən dəyərli nümunələrindən biri olaraq yaşayır. Belə şəxsiyyətlərin xatirəsini yaşatmaq təkcə keçmişə ehtiram deyil, həm də gələcəyimizə məsuliyyət deməkdir.
Nurəngiz ADİLQIZI


Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb