Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən edilən daha bir şəxsin iyunun 4-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2022-ci ildən etibarən bir qrup vətəndaşı əlillik təqaüdünün təyin etdirilməsi və ya işə düzəltmək adı ilə aldadaraq, vətəndaşların etibarından sui-istifadə etməklə, qeyd olunan məqsədlə onlardan pul vəsaiti almaqla zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Babayev Polad Murad oğlunun yeri BƏƏ-də müəyyən olunub və o, həbs edilib.
Beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və BƏƏ-nin ölkəmiz üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Babayev Polad Murad oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən BƏƏ-nin Dubay şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.