Müstəqil dövlətdə yaşamaq səadətdir
"Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz".
Ümummilli lider, Heydər Əliyev.
Müstəqillik, öz taleyinə sahib olmaq, öz dövlətini yaratmaq və inkişaf etdirmək hər bir xalq üçün ən böyük nailiyyətdir. Dövlət üçün müstəqillikdən, vətəndaş üçün azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır. Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizə aparmışdır.
1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, vətənsevər övladları Şərqdə ilk demokratik respublika üsul-idarəli dövlətin yaranmasını bütün dünyaya elan etdilər. Bu respublika parlamentli dövlətin dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayrağında türkçülük, islamçılıq və müasirlik bir vəhdətdə əks olunub. 1991-ci ildə yenidən bərpa etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimiz tanındı və qəbul edildi.
Ümummilli lider Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə ümummilli liderimiz ölkə rəhbərliyinə qayıdışı ilə qısa bir zamanda müstəqilliyimizi daha da möhkəmləndirdi və ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Böyük siyasi xadim Heydər Əliyevin qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu.
Əsl müstəqillik ölkənin öz sərvətlərinin tam sahibi olmasıdır. Əlbəttə, bu, müstəqilliyin vacib zəruri amilidir. Bu, tarixin sınağından çıxmış, sübut olunmuş bir həqiqətdir. Yaxın tariximizdən yaxşı məlumdur ki, 20 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq dünya qarşısında sərvətlərinin mütləq sahibi olduğunu bir daha sübut etdi. Beləliklə, müstəqilliyimizin iqtisadi əsası qoyuldu. İnkişafa doğru çox uğurlu addımlar atıldı. Qazanılan və əldə olunan iqtisadi dirçəliş nəticəsində başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirildi. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdur.
Qısa müddət ərzində Azərbaycanın müstəqilliyinin qarantı olan güclü, qüdrətli Silahlı Qüvvələr yaradıldı. Ulu öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Bu gün onun praktiki nəticələri göz qabağındadır. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyev neft strategiyasının həyata keçirilməsinin bəhrəsidir.
Ulu öndər zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma Vətənə tükənməz sevgisi ilə Azərbaycanı daha da inkişaf etdirərək, zirvələrə ucaltdı. Azərbaycan bu illərdə dünyanın aparıcı dövlətləri ilə sıx münasibətlər qurdu, ölkəmiz bir sıra beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul olundu. Üçrəngli bayrağımız dünyada dalğalandı: "Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir", - deyən ümummilli liderimiz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Davamlı yüksəliş yolu ilə gedən müasir müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan qurdu, Prezident İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən amillərin bir-biri ilə sıx bağlılığının məntiqi nəticəsi oldu. Bu Qələbə bir daha göstərdi ki, milli maraqları hər şeydən uca tutan liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir. Prezident İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə həm də ata vəsiyyətini yerinə yetirdi. Dövlətimizin başçısı ötən il ümummilli liderin anadan olmasının 100 illiyi münasibətilə Şuşadan xalqa müraciətində böyük qürur hissi ilə bildirdi ki, ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının arzusunu çin etdik.
44 günlük Vətən müharibəsinin yekunu ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etdi. Erməni vəhşiliyinin qurbanına çevrilmiş torpaqlarımızda yeni şəhərlərimizin, kəndlərimizin müasir, innovativ şəkildə qurulması, həm də öz tarixi keçmişini əks etdirməsi bir daha qazandığımız Zəfərin böyüklüyünü özündə ehtiva edir. Bu gün aparılan iqtisadi islahatlar yaxın gələcəkdə də əlavə imkanlar yaradacaq. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün ölkəmizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Düşmənin 30 ildə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurda İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən misli görünməmiş quruculuq işləri Azərbaycanın qüdrətinin göstəricisidir.
Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiqlədiyi "Müstəqillik Günü haqqında" Qanuna əsasən mayın 28-i Müstəqillik Günü elan edilib. Bu tarixə qədər 28 may Respublika Günü kimi qeyd olunurdu.
Bəli, müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Bu gün hər bir azərbaycanlı bu səadəti yaşayır və fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur.
Nurəngiz Adilqızı.