ABŞ-Avrasiya Nəqliyyat Forumu Los-Ancelesdə keçirilib




ABŞ-ın Los Anceles şəhərində Azərbaycan, Gürcüstan və Qazaxıstanın baş konsulluqlarının birgə təşkilatçılığı, California Foundation on Economy and Environmentnin dəstəyi və Port of Long Beachin ev sahibliyi ilə “ABŞ-Avrasiya Nəqliyyat Forumu” keçirilib.
Forum Avrasiya nəqliyyat dəhlizlərinin ABŞ-ın nəqliyyat infrastrukturu ilə inteqrasiyası, strateji tərəfdaşlıqların möhkəmləndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhlizin potensialının təqdim olunmasına həsr edilib. Tədbirdə Azərbaycan, Gürcüstan və Qazaxıstandan hökumət nümayəndələri, beynəlxalq logistika və nəqliyyat sahəsinin aparıcı ekspertləri, ABŞ rəsmiləri, biznes dairələrinin nümayəndələri və liman rəhbərləri iştirak ediblər.
Forum çərçivəsində ABŞ tərəfdaşlarına Orta Dəhlizin infrastrukturu və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib, logistika, liman təsərrüfatı, dəmir yolu, rəqəmsal sistemlər və yaşıl texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda, Port of Long Beach ilə Bakı, Aktau, Kurik, Poti və Batumi limanları arasında əməkdaşlığın genişləndirilməsi, ABŞ ilə Avrasiya ölkələri arasında B2B və G2B əlaqələrinin inkişafı, rəqəmsallaşdırma və ağıllı logistika həlləri üzrə birgə layihələrin perspektivləri diqqət mərkəzində olub.
Açılış mərasimində ABŞ-ın keçmiş kommersiya nümayəndəsi Duqlas Uolles moderator qismində çıxış edib. İştirakçıları Noel Hacegaba və Long Biç şəhərinin Qlobal Protokol direktoru Beryl Unver salamlayıblar. Daha sonra Azərbaycan, Gürcüstan və Qazaxıstanın baş konsulları çıxış edərək forumun əhəmiyyətini vurğulayıblar.
Panel müzakirələrində hökumət nümayəndələri və beynəlxalq ekspertlər nəqliyyat, tranzit və təchizat zəncirlərinin inkişafı, regional bağlantılar, infrastruktur investisiyaları və strateji tərəfdaşlıq imkanlarını geniş müzakirə ediblər.
Forumun sonunda iştirakçılar Port of Long Beachin müasir yükdaşıma və avtomatlaşdırılmış idarəetmə infrastrukturu ilə tanış olublar.
“ABŞ-Avrasiya Nəqliyyat Forumu” Orta Dəhlizin beynəlxalq ticarət marşrutu kimi potensialının təqdimatı və ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığının möhkəmləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib. Tədbirin davamı olaraq növbəti ildə “ABŞ-Avrasiya İnnovasiya və Texnologiya Forumu”nun keçirilməsi planlaşdırılır.