Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film təqdim olunub

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş "Yaradan" adlı sənədli filmi təqdim olunub.
Lider-media.az xəbər verir ki, ekran əsərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) prioritetləri olan insanların dayanqlı yaşayışının təmin edilməsi, yeni şəhərsalma fəlsəfəsi və "Ağıllı şəhər" konsepsiyasının qurulması kimi əsas mövzular öz əksini tapıb.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib ki, sənədli film Vətən müharibəsinin 5 illiyinə həsr olunub:
"Yaradan" Azərbaycan xalqı ilə bağlı bir filmdir. Əsas məqsədimiz ekran əsərində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də bu bölgələrə "Böyük Qayıdış" prosesinin nəticəsini real təsvir etmək idi. Sözsüz biz sənədli film stilinə uyğun mütləq insan talelərini və yaradıcı insanların düşüncələrini də filmə daxil etməyə bilməzdik. Hesab edirik ki, bu filmə qısa məzmun yazmalı olsaq, məhz belə deyərdik - dağıntıdan şəhər, xatirədən gələcək, kədərdən qürur yaradan xalqın hekayəsi".
Qeyd edək ki, sənədli filmin çəkilişləri Azərbaycanın işğaldan azad olunmuş əraziləri - Ağdam, Xocalı, Şuşa, Xankəndi, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər və Zəngilanda aparılıb.