Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən respublikanın bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində sahibkarların müraciəti əsasında fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir.
Aprel ayında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən 24904 m3 meşə materialı, 37704 ton dənli və dənli-paxlalı bitkilər, yemlər, texniki yüklər, 45560 m3 istehsal və saxlanma yerləri zərərsizləşdirilib.
Zərərsizləşdirmə (fumiqasiya) tədbirləri zamanı şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması – kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması qaydaları izah edilir.
Qeyd edək ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Xidmətlərdən istifadə etmək üçün Nazirliyin 1652 Çağrı Mərkəzi və ya AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə ([email protected]) müraciət edə bilərsiniz.