Paytaxt məktəbində açıq dərs: Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır








Bakı şəhəri 177 nömrəli tam orta ümumtəhsil məktəbində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərs keçirilib. Bu mövzu aktual olmaqla yanaşı, gənc nəslin tarixi köklərimizə bağlılığı və milli kimlik şüurunun inkişafı baxımından strateji əhəmiyyət kəsb edir.
Lider-media.az xəbər verir ki, məktəbin direktoru Arzu Süleymanova mövzunun əhəmiyyətini və dövlətimizin Qərbi Azərbaycanla bağlı müəyyənləşdirdiyi strateji kursun təhsil müəssisələrində təbliğinin vacibliyini vurğulayıb.
Açıq dərsdə fəxri qonaq qismində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Babaoğlu, Nərimanov Bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Təmraz Tağıyev, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları Rövşən Ağayev və Maral Salmanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli, ADPU-nun filologiya kafedrasının əməkdaşı Gülər Süleymanova və Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zaur Nudirəliyevin oğlu Ömər Nudirəliyev iştirak ediblər.
Professor Mahirə Hüseynova çıxışında Qərbi Azərbaycanın zəngin ədəbi-mədəni mühiti və dil tariximizdəki yeri barədə şagirdlərə dolğun və elmi faktlara söykənən məlumatlar verərək, gənc nəslin bu torpaqlara həm tarixi, həm də mənəvi bağlılığının daha da gücləndirilməsinə daim ehtiyac olduğunu xüsusi vurğulayıb.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu qeyd edib ki, tarixi-mədəni, pedaqoji-psixoloji irsin öyrənilməsi, tədqiqi, gənc nəslə təbliği və tədrisi tarixi yaddaşı möhkəmləndirməyin, milli varlığı qorumağın önəmli amilləridir.
Nərimanov Bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin dünyaya bəyan etdiyi “Qərbi Azərbaycan bizim torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” həqiqəti bütün elmi tədqiqatlarda da öz əksini tapan zəngin materiallarla bir daha sübuta yetirilir. Odur ki, hər birimiz gənc nəslə qədim tariximizi, xüsusən Qərbi Azərbaycanın əzəli və əbədi Azərbaycan torpağı olmasını təbliğ etməli və bu işdən yorulmamalıyıq.
Digər çıxış edənlər böyük elm, maarif, mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapan Qərbi Azərbaycanda ata-babalarımızın yaratdıqları tarixi abidələrin, zəngin ədəbi-mədəni mühitin təhsil ocaqlarında öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının xalqımızın tarixi yaddaşının zənginləşməsinə xidmət etdiyini xüsusilə vurğulayıblar. Bildirilib ki, biz nadir və zəngin mənəvi irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.
Açıq dərs məktəbin həm Azərbaycan, həm də rus bölmələrinin 10-11-ci sinif şagirdlərini əhatə edərək, mövzunun multikultural mühitdə vahid milli ideologiya əsasında tədrisini təmin edib. Açıq dərsin ən mühüm özəlliyi onun interaktiv formatda təşkil edilməsi idi. Professor Mahirə Hüseynovanın şagirdlərlə mövzu ətrafında dialoqu şagirdlər tərəfindən rəğbətlə qarşılanıb. Şagirdlər açıq dərsdə passiv dinləyici deyil, prosesin aktiv iştirakçısı kimi çıxış ediblər.
Şagirdlər, həmçinin mövzu ilə bağlı suallar ünvanlayıb, qonaqlar isə bu sualları ətraflı şəkildə cavablandırıblar. Şəhid polkovnik Zaur Nudirəliyevin oğlu Ömər Nudirəliyevin iştirakı və çıxışı tədbirə xüsusi bir ruh qataraq, qəhrəmanlıq ənənələrinin nəsildən-nəslə ötürülməsinin parlaq nümunəsi olub.
Tədbirin sonunda Arzu Süleymanova vurğulayıb ki, bu cür dərslər gələcəyimiz olan gənclərin “Böyük Qayıdış” konsepsiyasına mənəvi hazırlığında müstəsna rol oynayır.