lider-media.az

HİMNİMİZİN SƏDALARIYLA BAYRAĞIMIZ ƏBƏDİ DALĞALANACAQ

Tarix: 27-05-2024, 11:31

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Bu ürək coşduran sözlərin, möhtəşəm bir musiqinin vəhdətindən ərsəyə gələn Dövlət Himnimizin yaranmasından 32 il ötür və  32 ildir ki, dünyanın ən nüfuzlu tədbirlərində, idman yarışlarında Azərbaycanın varlığını, əbədiliyini bəyan edir eşidənlərə.

Himn. Bayraq. Gerb... Hər bir müstəqil dövlətin rəmzləridir bunlar... Çox vaxt dövlət himni səslənərkən onunla yanaşı dövlət bayrağı da qaldırılır. “Himn” yunan sözü olub qədimdə allahların və qəhrəmanların şərəfinə oxunan nəğmə mənasında işlənərdi. Bu ənənə uzun illər qorunub saxlanmışdır.

Azərbaycanın Dövlət Himni dövlət tərəfindən qəbul edilən milli müstəqillik və milli birlik rəmzi olan təntənəli musiqi əsəri, nəğmə, marş mənasında sabitləşərək azərbaycançılığın müqəddəs simvollarından birinə çevrilib. Milyonlarla azərbaycanlının dilinin əzbəri olub. Himnimiz neçə illərdir müstəqilliyimizin musiqi və sözlə ifadə edilən müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində və mövcud qanunvericiliklə müəyyən edilən digər hallarda həmişə ayaqüstə, böyük coşqu, qürurla oxunur.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Dövlət Himni haqqında deyib: “Azərbaycanın gözəl himni var... Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəylidir. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıbdır. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir”.

1992-ci il  mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiqlənib.

Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən digər dövlətçilik atributları ilə yanaşı, Dövlət Himnimizin yaradılması sahəsində də müəyyən addımlar atılmış, qərarlar qəbul edilmişdi. Müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin layihəsi 1919-1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir.

Bu gün isə uşaqdan tutmuş böyüyə qədər hər kəs himnimizi əzbər bilir, sevə-sevə oxuyur. Hər bir azərbaycanlı dövlət himnimizi ali mənəvi irs kimi dəyərləndirir, dövlət atributu kimi ona dərin ehtiram bəsləyir. İllər keçdikcə bu bayraq, himn sevgisinin nələrə qadir olduğunun dəfələrlə şahidi olduq. Bəlkə ona görə Qarabağ savaşı, torpaq sevgisilə coşan ürəklərin, bükülməz biləklərin, inamların, arzuların, həsrətlərin, bir də bayraqların və bayrakdarların müharibəsinə çevrilə bildi. Bunu Ağdamda, Cəbrayılda, Laçında, Şuşada, azad olunan torpaqlarımızın hər qarışı uğrunda gedən döyüşlərdə görə bildik və bir daha əmin olduq: o Himni durduracaq, o Bayrağı o yüksəkliklərdən endirə biləcək bir qüvvə yoxdur və ola da bilməz! Ürəkləri riqqətə gətirən himnimzin sədalarıyla üçrəngli bayrağımız əbədi dalğalanacaq!..


Nurəngiz Adilqızı.

                 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi