lider-media.az

Bakıda memarlıq, dizayn və texnologiyanın gələcəyinə həsr olunan “InVision Design Talks BAKU 2026” keçirilib

Baxış: 429 Tarix: Сегодня, 11:50

Mayın 11-də Bakı Konqres Mərkəzində “Seranit Azerbaijan” və “Sinerji Pro” şirkətlərinin birgə təşkilatçılığı ilə memarlıq, dizayn, şəhərsalma və texnologiya sahələrinin aparıcı nümayəndələrini bir araya gətirən “InVision Design Talks BAKU 2026” tədbiri keçirilib.

Lider-media.az xəbər verir ki, ötən ilin may ayında ilk dəfə təşkil olunan və bu il ikinci dəfə baş tutan platforma memarlıq, interyer dizaynı, süni intellekt, şəhərsalma və innovativ texnologiyalar sahəsində regional və beynəlxalq fikir mübadiləsi üçün mühüm müzakirə meydanına çevrilib.

Tədbirin açılış mərasimində aparıcı Eldar Kərimov layihənin məqsəd və vizyonu barədə iştirakçılara məlumat verib. Daha sonra moderator Osman Arayıcı səhnəyə dəvət olunub və tədbirdə iştirak edən spikerlər təqdim edilib.

Tədbirin fəxri qonağı, Türkiyənin Azərbaycandakı səfiri professor doktor Birol Akgün çıxışında Türkiyə ilə Azərbaycan arasında münasibətlərin tarixinin ən yüksək mərhələsini yaşadığını bildirib. O vurğulayıb ki, iqtisadiyyat, siyasət, enerji, mədəniyyət və digər sahələr üzrə əməkdaşlıq sürətlə inkişaf edir.

Səfir xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad edilməsinin Türkiyə-Azərbaycan münasibətlərinə yeni strateji baxış qazandırdığını qeyd edib.

“Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan artıq real mənada strateji müttəfiqə çevrilib”, – deyə B.Akgün bildirib.

Diplomat çıxışında Türk dünyasının ortaq memarlıq və şəhərsalma ənənələrinə də toxunub. O qeyd edib ki, Bakı, Səmərqənd, Buxara, Konya, Bursa, İstanbul və digər şəhərlər Türk sivilizasiyasının memarlıq və estetik baxımdan ən mühüm nümunələri hesab olunur.

“Şəhərlər yalnız yollar və infrastrukturdan ibarət deyil. Orada həmin sivilizasiyanın incə sənəti və estetikası yaşayır. Estetika sivilizasiyanın ən yüksək mərhələsidir”, – deyə səfir əlavə edib.

Birol Akgün Bakının tarixən memarlıq və estetika şəhəri olduğunu vurğulayaraq bildirib ki, paytaxt bu gün də XXI əsrin memarlıq baxışlarını cəsarətlə nümayiş etdirən önəmli mərkəzlərdən biri kimi inkişaf edir.

Tədbirin birinci sessiyasında memarlıq və texnologiyanın gələcəyinə həsr olunan çıxışlar təqdim edilib. Yeşeren Ersan “Süni intellekt ilə dizayn və tikintidə yeni paradigma: məlumat əsaslı yaradıcılıq və ağıllı istehsal” mövzusunda çıxış edərək süni intellektin dizayn və istehsal proseslərinə təsirindən danışıb.

Ardınca Sinan Kafadar “Davamlı estetika: statik quruluşlardan adaptiv gələcəyə” mövzusunda təqdimatla çıxış edib və müasir memarlıqda adaptiv yanaşmaların əhəmiyyətini vurğulayıb.

İkinci sessiyada Sefer Çağlar “Məkan üzərindən sosial qarşılıqlı əlaqə və təcrübə dizaynı” mövzusunda çıxış edərək ictimai məkanların insan davranışına və sosial münasibətlərə təsirindən bəhs edib.

Tusi bəy isə “Rəqəmsal intibah və dizaynda yeni əməkdaşlıq protokolları” mövzusunda təqdimatla çıxış edərək rəqəmsal transformasiya dövründə dizayn sahəsində formalaşan yeni əməkdaşlıq modelləri barədə fikirlərini bölüşüb.

Tədbirin yekun hissəsində Özer Çiçək “Yüksək binalarda isitmə sistemlərinin xarici fasadla qarşılıqlı əlaqəsi” mövzusunda təqdimat edib. O, müasir tikililərdə enerji səmərəliliyi və fasad həllərinin mühəndislik sistemləri ilə inteqrasiyasının əhəmiyyətindən danışıb.

“InVision Design Talks BAKU 2026” iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və memarlıq, şəhərsalma, texnologiya və dizayn sahəsində yeni əməkdaşlıqların qurulması üçün mühüm platforma kimi dəyərləndirilib.

Tədbirin sonunda təşkilatçılar iştirakçılara və qonaqlara təşəkkür edərək, “InVision Design Talks” platformasının gələcək illərdə də beynəlxalq miqyasda inkişaf etdiriləcəyini bildiriblər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi