Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Ümumdünya Ətraf Mühit Günü çərçivəsində ictimai iştiraka çağırış edib
Baxış: 1167
Tarix: Сегодня, 09:18
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” şüarı altında Azərbaycanın ev sahibliyi ilə keçiriləcək 5 iyun – Ümumdünya Ətraf Mühit Günü tədbirləri ilə bağlı çıxış edib və hər kəsi təşkil olunacaq tədbir və ekoloji aksiyalarda iştiraka dəvət edib:
"Ümumdünya Ətraf Mühit Günü 1972-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis olunmuş və hazırda dünyanın genişmiqyaslı ekoloji təşəbbüslərindən biri hesab olunur. Kampaniyanın əsas məqsədi iqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi istiqamətində ictimai iştirakçılığı təşviq etmək, hər bir fərdin və təşkilatın töhfəsinin mühüm dəyişikliklərə səbəb ola biləcəyini nümayiş etdirməkdir.
Qlobal kampaniya çərçivəsində dövlət qurumları, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri və vətəndaşlar müxtəlif ekoloji təşəbbüslərlə iştirak edə bilərlər. Bu fəaliyyətlərə ağacəkmə aksiyaları, ətraf mühitin təmizlənməsi tədbirləri, maarifləndirici görüşlər, sərgilər, ictimai müzakirələr, açıq hava tədbirləri və digər ekoloji təşəbbüslər daxildir.
Təşkil olunan tədbir və təşəbbüslər Ümumdünya Ətraf Mühit Gününün rəsmi platformasında yerləşdirilərək beynəlxalq auditoriyaya təqdim oluna bilər. Bununla yanaşı, iştirakçılar #NowForClimate, #İndiİqlimNaminə həştəqləri vasitəsilə qlobal kampaniyaya qoşularaq iqlim dəyişmələri ilə bağlı mesajlarını, təşəbbüslərini və həll yollarını sosial media platformalarında paylaşa bilərlər.
Ümumdünya Ətraf Mühit Günü ilə bağlı bütün məlumatlar, iştirak imkanları, tədbir proqramı və yeniliklər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən wed2026.az platforması üzərindən təqdim olunacaq.
5 iyun tarixində keçiriləcək tədbir çərçivəsində açıq havada xüsusi zonalar təşkil olunacaq və həmin məkanlar ictimaiyyət üçün açıq olacaq. Vətəndaşlar açıq hava sərgiləri, maarifləndirici fəaliyyətlər və müxtəlif ekoloji təşəbbüslərdə iştirak edə biləcəklər. Eyni zamanda dövlət qurumları, şirkətlər, qeyri-hökumət təşkilatları və digər tərəfdaşlar da öz ekoloji layihə və təşəbbüsləri ilə tədbirdə iştirak etməyə dəvət olunurlar."