Ərzurum Diplomatiya Araşdırma Mərkəzi Bakıda “Ortaq mədəniyyət, ortaq irs” tədbiri təşkil edib






Ərzurum Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə fəaliyyət göstərən Ərzurum Diplomatiya Araşdırma Mərkəzi (EDAM) Bakıda “Ortaq mədəniyyət, ortaq irs” mövzusunda tədbir təşkil edib.
Lider-media.az xəbər verir ki, EDAM Türkiyənin xaricdəki təmsil gücünü və regional dinamikasını yerində təhlil etmək üçün sahə araşdırması proqramına start verib. Bu çərçivədə EDAM sədri Ergün Enginin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Azərbaycandakı qurum və təşkilatlarına baş çəkmək, texniki yoxlamalar aparmaq üçün Bakıya gəlib. Səfər çərçivəsində Bakı Yunus Əmrə İnstitutunda “Ortaq mədəniyyət, ortaq irs” adlı tədbir keçirilib.
Tədbirdə EDAM sədri Enginlə yanaşı, Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir, Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan, EDAM koordinatorları, alimlər və tələbələr iştirak ediblər.
Engin çıxışında bildirib ki, Azərbaycana səfər zamanı onlar yerində məsləhətləşmələr aparmaq və regional geosiyasi proseslər, ekosiyasi tarazlıqlar, mədəni diplomatiya fəaliyyətləri ilə bağlı sahə məlumatlarını toplamaq məqsədi daşıyıblar. O, Türkiyənin yumşaq güc elementlərinin fəaliyyətini təhlil edəcəklərini və əldə olunan sahə təcrübələrini akademik mühitdə strateji araşdırmalara köçürmək niyyətində olduqlarını qeyd edib.
Tədbirdə Qaziantep Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətinin üzvü Sadık Çətin “Ortaq mədəniyyət və ortaq irs çərçivəsində arxivşünaslığın yeri və əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Cəlal İbrahimli milli şüurun, milli dəyərlərin əhəmiyyətindən danışıb. Bundan əlavə, EDAM koordinatorları tərəfindən müxtəlif mövzularda təqdimatlar edilib.
Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı