Təmraz Tağıyev: Azərbaycan bələdiyyələri bundan sonra da Türk Dünyası Bələdiyyələr Birliyinin işində yaxından iştirak edəcəklər




Türkiyənin İstanbul şəhərində “Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti iclası keçirilib.
Lider-media.az xəbər verir ki, Bahçelievler bələdiyyəsinin ev sahibliyi ilə keçirilən toplantıda İdarə Heyətinin Azərbaycan, Albaniya, Bosniya və Herseqovina, Şimali Kipr, Kosovo, Qırğızıstan, Şimali Makedoniya, Livan və Türkiyədən olan üzvləri iştirak ediblər.
Tədbirdə TDBB-nin prezidenti, Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altay, TDBB-nin yeni seçilən Baş katibi Taha Zahid Özdemir qurumun ötən dövrdəki fəaliyyəti, həyata keçirilən layihələr, görüləcək işlərlə bağlı ətraflı çıxış ediblər.
Müzakirələrdə çıxış edən TDBB -nin İdarə Heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib ki, iki qardaş ölkə arasında tarixi dostluq, qarşılıqlı etimad bu dövlətlərin yerli özünüidarəetmə orqanlarının müsbət dinamikada inkişaf edən münasibətinə də təsirini göstərməkdədir.
O, həmçinin Azərbaycan bələdiyyələrinin bundan sonra da TDBB-nin işində yaxından iştirak etməklə onun fəaliyyətinə töhfələrini verməyə hazır olduğunu vurğulayıb.
İdarə Heyətinin iclasında növbəti aylarda görüləcək işlərin planı müzakirə edilərək qəbul olunub.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Təmraz Tağıyev Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Taha Zahid Özdemirlə görüşüb. Görüşdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Rövşən Məmmədov da iştirak edib.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.