2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq ili” elan olunması Azərbaycanın müasir inkişaf mərhələsində şəhər mühitinə verilən önəmin bariz ifadəsidir. Bu əlamətdar ildə Bakının Ümumdünya Şəhərsalma Forumu – WUF13-ə ev sahibliyi etməyə hazırlaşması isə paytaxtın qlobal urbanizasiya xəritəsində mövqeyini daha da möhkəmləndirir.
Belə bir dövrdə şəhərsalma sahəsində həyata keçirilən hər bir layihə, yaradılan hər bir yeni məkan yalnız yerli deyil, beynəlxalq miqyasda da diqqətlə izlənilir. Nərimanov rayonunda - metronun “Gənclik” stansiyasının yaxınlığında salınan, “Antena” sahəsi kimi tanınan, paytaxt sakinlərinin yaddaşında “Gənclik” parkı kimi yer alan yaşıllıq məkanı da məhz belə uğurlu layihələrdən biridir.
2025-ci ildə əsaslı yenidənqurmadan sonra istifadəyə verilən park qısa müddətdə şəhərin ən sevilən istirahət ünvanlarından birinə çevrilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı bu layihənin dövlət səviyyəsində xüsusi əhəmiyyət daşıdığını bir daha təsdiqləmişdir.
Ümumi sahəsi 19 hektara yaxın olan parkın böyük hissəsi yaşıllıq zolaqları ilə əhatə olunmuş, burada minlərlə ağac və dekorativ bitki əkilmişdir. Müasir suvarma sistemi, işıqlandırma infrastrukturu, fəvvarələr, piyada və velosiped yolları, idman və uşaq əyləncə zonaları parkın funksionallığını daha da artırır. Bu məkan artıq təkcə istirahət üçün deyil, həm də sağlam həyat tərzinin təşviqi üçün mühüm bir platformaya çevrilmişdir.
Parkın mühüm üstünlüklərindən biri də onun Dədə Qorqud parkı ilə yeraltı keçid vasitəsilə birləşdirilməsidir. Bu, şəhərsalma baxımından olduqca uğurlu həll olmaqla yanaşı, paytaxtda vahid yaşıllıq zolağının formalaşdırılmasına xidmət edir və sakinlərin rahat hərəkətini təmin edir.
Yazın gəlişi ilə yenidən yolumuzu bu yaşıl məkandan saldıq. Park sanki yenidən doğulmuşdu – ağaclar tumurcuqlamış, çiçəklər rəngə boyanmış, fəvvarələrin səsi isə yazın ritmini pıçıldayırdı. Görünüşü və funksional imkanları ilə geniş məşhurluq qazanmış “Gənclik” parkı adından da göründüyü kimi, ilk növbədə, gənclərin istirahəti, idmanı və sosiallaşması üçün nəzərdə tutulsa da, buraya ailələr, yaşlı insanlar və uşaqlar da tez-tez gəlirlər. “Gənclik” parkı bu gün Bakının əsas istirahət məkanlarından biri olmaqla yanaşı, həm də şəhərsalma baxımından mühüm bir layihənin tərkib hissəsi kimi qiymətləndirilir.
Müasir istirahət kompleksinin ərazisinin 14 hektarında yaşıllıq sahələri salınıb, 20 mindən çox ağac və kol əkilib. Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və binada bərpa işləri aparılıb. Yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Belə ki, burada kiçik yaşlı uşaqlar üçün təhlükəsiz oyun meydançaları, açıq havada trenajorlar, velosiped yolları, basketbol və futbol meydançaları, fontanlar və kiçik süni göl, kafe və restoranlar, həmçinin “street food” tərzində fəaliyyət göstərən kiçik köşklər, konsertlər və tədbirlər üçün istifadə olunan açıq səhnə quraşdırılıb. Bütün bunlar istirahət məkanına əlavə gözəllik verir.
Oturacaqlardan birində əyləşmiş iki tələbə ilə söhbətə başladıq. Onlardan biri – Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Toğrul Əliyev dedi:
– Son illər Bakıda keçirilən forumlar ölkəmizi daha yaxşı tanıdır. Biz də burada, belə yerlərdə xarici qonaqlarla tez-tez qarşılaşırıq. Bu park da artıq beynəlxalq mühitin bir hissəsinə çevrilib.
Bir qədər irəlidə velosiped sürən gənclər diqqətimizi çəkdi. Onlardan biri, Anar, parkın yenilənmiş siması haqqında fikirlərini belə ifadə etdi:
– Əvvəllər də bura gəlirdik, amma indi daha səliqəli, daha müasirdir. Düşünürəm ki, şəhərə gələn qonaqlar üçün də bu cür məkanlar çox önəmlidir.
Parkın mərkəzinə yaxın hissədə isə diqqətimizi fərqli bir sima çəkdi. Əlində fotoaparat olan orta yaşlı bir kişi ətrafı diqqətlə izləyirdi. Onunla söhbət zamanı məlum oldu ki, o, İtaliyadan gəlmiş turist Markodur. O, Bakıya turist kimi səyahətə gəldiyini bildirdi:
– Bakı məni çox təəccübləndirdi. Burada müasirlik və ənənə harmoniyadadır. Bu park isə şəhərin ruhunu hiss etmək üçün ideal yerdir. İnsanlar çox mehribandır. Markonun sözləri bir daha təsdiqlədi ki, bu cür ictimai məkanlar təkcə istirahət üçün deyil, həm də mədəniyyətlərarası ünsiyyət üçün mühüm platformadır. Parkda eşidilən müxtəlif dillər, fərqli mədəniyyətlərin nümayəndələrinin bir arada olması Azərbaycanın açıq və qonaqpərvər ölkə olduğunu nümayiş etdirir.
Bir qədər irəlidə uşaq meydançasından gələn gülüş səsləri bu fikirləri yarımçıq kəsir. Gənc ana Nigar xanım deyir:
– Şəhərdə uşağı harasa aparmaq çətindir. Amma bura həm təhlükəsizdir, həm də genişdir. Saatlarla qalmaq olur.
Bakı şəhərinin gündəlik tələskənliyindən bir qədər uzaqlaşıb nəfəs almaq istəyən ailələrin ən sevdiyi ünvanlardan biri də məhz bu parkdır. Xüsusilə yaz aylarında bura tamam başqa bir rəng alır – məktəblilər valideynləri ilə birlikdə bura axışır, yaşıllıq isə sanki onların sevincini daha da artırır.
Parkın günəşli və sakit guşələrindən birində piknik edən məktəblilərin şən səsi diqqətimizi cəlb edir. Onlardan biri Ömür Əliyeva gülümsəyərək deyir:
– Biz Xəzər rayonunun 123 saylı orta məktəbinin 8 “B” sinif şagirdləriyik. Bu gün dərs deyil, həftəsonudur. Günəşli hava fürsətini qaçırmayıb bura piknikə gəlmişik. Park çox gözəldir, burada vaxt keçirmək insana həqiqətən xoş əhval bəxş edir”.


Onların yanında olan valideyn Firuzə xanım isə bu fikirləri tamamlayır:
– Belə gözəl, səliqəli və təhlükəsiz parkların olması ailələr üçün böyük üstünlükdür. Uşaqlar açıq havada dincəlir, bir-biri ilə ünsiyyət qurur, təbiətə yaxın olurlar. Bu cür yaşıllıq məkanları insanın ruhunu dincəldir, şəhər həyatına xüsusi bir rahatlıq gətirir.

Ən maraqlısı isə budur ki, park günün hər saatında fərqli “yaşayır”. Səhərlər idman edənlərin, günorta ailələrin, axşam isə gənclərin məkanına çevrilir. Sanki hər saat park yeni bir hekayə yazır.
“Gənclik” parkı həm də şəhərin nəfəsidir. Beton binaların arasında sıxılmış həyat üçün açıq bir pəncərədir. Burada insanlar təkcə gəzmirlər, düşünürlər, xatırlayırlar, bəzən də sadəcə susurlar.
Gün batımına yaxın parkın üzərinə yayılan sakitlikdə belə həyatın ahəngi hiss olunur. Yarpaqların xışıltısı, fəvvarələrin şırıltısı, uzaqdan gələn uşaq gülüşləri – bütün bunlar bir şəhərin nəfəsidir. Bu nəfəs yaşıl nəfəsdir. Bu nəfəs Bakının gələcəyidir. “Gənclik” parkı isə həmin gələcəyin bu gündən görünən ən gözəl ünvanlarından biridir.
Nurəngiz ADİLQIZI.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb