Hörmüz boğazı: qlobal enerji bazarının “şah damarı”

Hazırda dünyada baş verən hərbi-siyasi gərginliklər fonunda beynəlxalq münasibətlər sistemi mürəkkəb və qeyri-müəyyən mərhələdən keçir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi və ABŞ-İsrail-İran gərginliyi kimi münaqişələr qlobal təhlükəsizlik mühitinə ciddi təsir edir. Təbii ki, bu proseslər iqtisadi sahədə də özünü göstərməklə enerji bazarlarında qeyri-sabitliyə və qiymət dalğalanmalarına yol açır.
2022-ci ilin fevral ayının 24-dən aktiv fazaya keçən Rusiya-Ukrayna müharibəsi xüsusilə Avropa bazarında çətinliklərə səbəb olsa da, bu ilin fevralın 28-də başlayan ABŞ-İran münaqişəsi qlobal enerji bazarında köklü dəyişikliklərə səbəb oldu.
Münaqişənin ilkin mərhələsində hərbi əməliyyatların siyasi sistemdə transformasiya, eləcə də hərbi-strateji imkanların məhdudlaşdırılması kimi prioritet məqsədlərlə xarakterizə olunsa da, prosesin uzanması əməliyyatların mahiyyətində və hədəflərində əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı. Belə ki, hazırda əsas diqqətin Hörmüz boğazının strateji-iqtisadi imkanlarına yönəldiyi müşahidə edilir ki, bu da münaqişənin daha çox iqtisadi və maliyyə maraqları müstəvisində formalaşdığını göstərir.
Nəticə etibarilə, sözügedən münaqişə region ölkələrinin sosial-iqtisadi sabitliyinə ciddi mənfi təsir göstərməklə yanaşı, eyni zamanda, qlobal iqtisadi sistemdə zəncirvari və genişmiqyaslı effekt yaratdı.
Qeyd edək ki, Hörmüz boğazı həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyətə malik strateji su yoludur. Fars körfəzi ilə Oman körfəzi arasında yerləşən bu boğaz vasitəsilə dünya bazarına gündəlik 20 milyon bareldən çox xam neft nəql olunur ki, bu da qlobal enerji bazarında neftə olan tələbatın təqribən 20%-ni təşkil edir. OPEC ölkələrinin ixrac etdiyi neftin böyük hissəsi də məhz bu marşrut vasitəsilə dünya bazarına çatdırılır. Bu səbəbdən sözügedən strateji enerji daşınma dəhlizində baş verə biləcək hər hansı gərginlik qlobal enerji qiymətlərinə birbaşa mənfi təsir göstərir. Bu isə boğazın yüksək iqtisadi risk və geosiyasi həssaslıq səviyyəsinə malik olduğunu nümayiş etdirir.
Doğrudur, hazırda dünyada enerji ixracında xüsusi rola malik digər beynəlxalq əhəmiyyətli tranzit boğazlar da mövcuddur. Bunlara Malakka boğazı, Bab əl-Məndəb boğazı, Cəbəllütariq boğazı və digər bu kimi mühüm keçidləri misal göstərmək olar. Lakin qeyd olunan boğazlar beynəlxalq daşımalar baxımından əhəmiyyətli funksional rol oynasalar da, Hörmüz boğazı ilə müqayisədə qlobal miqyasda eyni xüsusi çəkiyə malik deyillər. Bu mənada, strateji coğrafi mövqeyə malik Hörmüz boğazını qlobal enerji bazarının “şah damarı” adlandırmaq mümkündür. Bu səbəbdən onun sabit və təhlükəsiz şəkildə fəaliyyətinin təmin olunması enerji təchizatının davamlılığı baxımından mühüm əhəmiyyət kəsb edir.
Eni təxminən 39 km (21 dəniz mili), gəmiçilik zolağının isə cəmi 3 km (2 dəniz mili) təşkil edən bu dar, lakin strateji əhəmiyyətə malik su yolu yalnız enerji təhlükəsizliyinin təmin edilməsində deyil, eyni zamanda, qlobal ticarət dövriyyəsinin 4,5%-ni təşkil etməklə, beynəlxalq ticarət sistemində mühüm rol oynayır. Belə ki, Fars körfəzi hövzəsində yerləşən zəngin karbohidrogen ehtiyatlarına malik ölkələrdən ixrac olunan neft və təbii qazla yanaşı, digər strateji məhsulların (gübrə, qiymətli metallar, alüminium, sement və s.) daşınması da əsasən bu marşrut vasitəsilə həyata keçirilir. Xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalında zəruri hesab edilən gübrə ixracı üçün Hörmüz boğazı əvəzsiz nəqliyyat yoludur. Hazırda dünyada gübrə ticarətinin təqribən 30%-i məhz bu boğaz vasitəsilə nəql edilir.
Həmçinin boğaz qlobal gübrə istehsalı üçün strateji əhəmiyyətə malik xammal axınlarının da əsas tranzit marşrutudur. Belə ki, dünya üzrə ammonyak tədarükünün təxminən 30%-i, kükürd ticarətinin 50%-i və mayeləşdirilmiş təbii qazın (LNG) 20%-i (gündəlik təxminən 300 milyon kubmetr) məhz bu xətt vasitəsilə daşınır. BMT-nin analitik və inkişaf yönümlü qurumu olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (Food and Agriculture Organization - FAO) proqnozlarına əsasən, mövcud vəziyyət davam edəcəyi təqdirdə, 2026-cı ilin ilk yarısında gübrə qiymətləri orta hesabla 15–20% arta bilər.
Bütün bunları nəzərə alsaq, bu su yolunda yarana biləcək hər hansı fasilə kənd təsərrüfatında məhsuldarlığın azalmasına, qiymət artımına və nəticə etibarilə qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Bu mənfi hallar xüsusilə Cənub-Şərqi Asiya və Afrika regionunda yerləşən və idxaldan asılı inkişaf etməkdə olan ölkələrin əhalisinin ərzaq çatışmazlığı problemi ilə üzləşə biləcəyi riskini artırmış olur.
Belə ki, qlobal ərzaq təhlükəsizliyi ilə bağlı BMT-nin ən böyük humanitar yardım təşkilatlarından biri olan Ümumdünya Ərzaq Proqramının (World Food Programme - WFP) məlumatlarına əsasən münaqişənin uzanması səbəbindən yaxın gələcəkdə 45 milyon əhalinin kəskin aclıqla üzləşə biləcəyi proqnozlaşdırılır.
Nəzərə alsaq ki, münaqişədən öncə boğazdan gündəlik orta hesabla 150-200 gəmi keçdiyi halda, hazırda bu göstərici 10-dan artıq deyil. Bu səbəbdən, yüzlərlə gəmi körfəzdə gözləmə mövqeyində qalmaqdadır.
Bunun ağır nəticəsidir ki, hazırda bir çox ölkələrdə yanacaq çatışmazlığı səbəbindən həyacan təbili çalınır. Xüsusilə Çin, Yaponiya, Hindistan və Avropa ölkələrində neft və təbii qaz təchizatında yaranan fasilələr enerji qiymətlərinin kəskin artmasına, sənaye istehsalında ləngimələrə və əhalinin gündəlik enerji tələbatının ödənilməsində çətinliklərə səbəb olmuşdur.
Avropa ölkələrinin təyyarə yanacağı idxalında körfəz ölkələrindən əhəmiyyətli dərəcədə asılılığını da nəzərə alsaq, bu hal yaxın gələcəkdə aviaşirkətlərin fəaliyyətində məhdudiyyətlərin yaranması və uçuşların azalması kimi xoşagəlməz halların yaranmasına da gətirib çıxara bilər.
Eyni zamanda, Hörmüz boğazının minalanması və minaların zamanla yerini dəyişməsi ehtimalı onların sonradan təhlükəsiz və effektiv şəkildə zərərsizləşdirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirir. Bu isə daşımalar üçün ciddi iqtisadi risk yaradır ki, bu da qısamüddətli dövrdə nəqliyyat gecikmələrinə, sığorta və daşınma xərclərinin artmasına, uzunmüddətli perspektivdə isə qlobal enerji bazarlarında qiymət dalğalanmalarına, təchizat zəncirində qeyri-sabitliyə və alternativ marşrutlara yönəlmə nəticəsində logistika xərclərinin artmasına səbəb ola bilər.