lider-media.az

Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına töhfə verəcək

Tarix: 24-05-2024, 17:04

Tarixi Zəfərimizdən sonra Qarabağda və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı bərpa və quruculuq işləri, bu ərazilərin gələcək inkişafının, malik olduqları potensialdan səmərəli istifadənin təmin edilməsi üçün zəruri addımlar atılmaqdadır. İnfrastrukturun yenilənməsi, bir sözlə, soydaşlarımızın Böyük Qayıdışı üçün bütün tədbirlərin həyata keçirilməsi özlüyündə dünyaya bir mesajdır: Azərbaycan qurucu dövlət, xalqımız yaradıcı olmaqla yanaşı, həm də bu torpaqların sahibidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi-sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.

      Sənaye parklarının yaradılması, həmçinin, ölkə iqtisa­diyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırıl­ması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə işlər uğurla davam etdirilir, beynəlxalq təcrübə daim öyrənilir.

    İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investor marağını da artırır. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını daha da genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət və müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir. Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən Ağdam, 4 oktyabr tarixli Fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə sənaye parklarının sayı 7-yə çatıb.

     Bu gün  Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur.

     190 hektar ərazini əhatə edən Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Bu Sənaye Parkı işğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. 

      Qarabağla digər bölgələrin qovşağında yerləşən Ağdam Sənaye Parkı rezident sayına görə digər sənaye parkları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye zonasıdır. Parkda ümumi investisiyalarının həcmi 195 milyon manatdan çox olan 21 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında ümumilikdə 1800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında infrastruktur şəbəkəsinin, elektrik, qaz, su xidmətlərinin qurulması, inzibati binanın tikintisi, o cümlədən rezidentlər tərəfindən bir sıra müəssisələrin tikinti-quraşdırma işləri aparılır. 

      “BAFCO İnvest” MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən müəssisə Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikinti və digər sahələrdə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə 120 iş yeri yaradılacaq. “BAFCO İnvest” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 1 milyon manatdan çox vəsaitə qənaət edib.  “Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib. İnvestisiya həcmi 7 milyon manat olan fabrik Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk müəssisədir. İllik gücü 2,1 milyon ədəd rulon divar kağızının istehsalı olan müəssisədə 76 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Almaniya və Çin texnologiyasından istifadə edilən müəssisədə istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.        

       Digər bir şirkət “Metkons” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Sənaye Parkının 1 hektar ərazisində inşa edilmiş müəssisədə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı nəzərdə tutulub. Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin ümumi investisiya dəyəri 1,9 milyon manatdır və 45 nəfər daimi işlə təmin ediləcək. Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. “Metkons” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 100 min manatdan çox vəsaitə qənaət olunub.

   Agdam Sənaye Parkında həmçinin “Rail Trans Service” MMC-nin avtomatlaşdırma və telemexanika sistemlərinin, “Eel Electric” MMC-nin elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının, “Prof-Dam” MMC-nin dam örtüklərinin, “Tabaterra” MMC-nin tütün məmulatlarının, “Agah Group” MMC-nin metal profil və anbar stellajlarının istehsalı və digər müəssisələrin tikinti-quraşdırma işləri görülür. Bu müəssisələrin bir qisminin bu il fəaliyyətə başlaması planlaşdırılır.

    Qeyd edək ki, sənaye zonalarında rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərdəki Ağdam və Araz Vadisi sənaye parklarında isə əlavə güzəştlər də tətbiq edilir. Bunlara əsasən-xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20% endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən azadolma  aiddir. Beləliklə, Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan olmaqla, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

    Reallaşdırılan sənayeləşmə siyasətində yeni iş yerlərinin açılması, sosial-humanitar infrastrukturun yaradılması ən mühüm istiqamət kimi mühüm yer tutacaq. Bu, bir tərəfdən ölkədə alıcılıq qabiliyyətinin genişlənməsinə, digər tərəfdən isə əhalinin sosial rifahının yüksəldilməsinə şərait yaradacaq.

 

Nurəngiz Adilqızı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi