lider-media.az

Kamilə Əliyeva: "TDT-nın yaradılması və inkişaf etdirilməsində Prezident İlham Əliyevin xidmətləri danılmazdır

Baxış: 1 002 Tarix: Вчера, 19:41



Türk Dövlətləri Təşkilatının yaradılmasında və inkişaf etdirilməsində Prezident cənab İlham Əliyevin xidmətləri danılmazdır. Təşkilata üzv ölkələrin dövlət başçıları da  Prezidentimizin bu sahədə göstərdiyi müstəsna xidmətləri xüsusi vurğulayırlar. Prezident cənab İlham Əliyev dəfələrlə müxtəlif kürsülərdə bəyan etmişdir ki  "Türk dünyası bizim  ailəmizdir, bizim başqa ailəmiz yoxdur".

Ölkə başçımızın bu ifadəsi bir daha sübut edir ki, Azərbaycan dövləti türk dövlətlərinin birliyinə böyük önəm verir və bu birlik üzv dövlətlərin hər birinin inkişafına, iqtisadi və siyasi cəhətdən daha da gücləndirilməsinə təkan yaradır. Mütəmadi keçirilən yüksək səviyyəli Zirvə görüşləri, hökumət başçılarının toplantıları təşkilatın hər il daha da möhkəmlənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına böyük töhfə verir. TDT-nın hökumət başçılarının bu dəfəki toplantısı paytaxtımız Bakıda təşkil olundu. Təşkilata üzv dövlətlərin hökumət başçılarını, vitse-prezidentlərini qəbul edən Prezident cənab İlham Əliyev çıxış edərək bildirdi ki, bu toplantının təşkilatın iqtisadi inkişafına böyük faydası olacaq.
Türk Dövlətləri ilə sıx əməkdaşlıq hər zaman Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritet məsələlərindən biri olub. Azərbaycanı bu ölkələrlə tarixi, mədəni, etnik köklər birləşdirir. Bu gün müstəqil,  suveren dövlətlər kimi bütün beynəlxalq təşkilatlarda ölkələrimiz vahid mövqedən çıxış edir və bir-birini dəstəkləyir.

Artıq TDT bölgədə gedən proseslərə təsir gücünə  malik bir quruma çevrilmişdir, eləcə də qlobal müstəvidə də təşkilatın rolu getdikcə artmaqdadır.
Çıxışında ölkə başçımız təşkilatın daha da güclənməsi və nüfuzlu beynəlxalq təşkilatlar arasında daha yüksək səviyyəyə çatdırılması üçün görüləcək işlər barədə də təkliflərini səsləndirdi. Dövlət başçılarının iştirakı ilə keçirilən Zirvə görüşləri təşkilatın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Məhz Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə TDT-nin qeyri rəsmi Zirvə görüşünün keçirilməsinə də başlanmışdır və bu cür ilk görüş Şuşada baş tutmuşdur. Müasir dünyamızda gərgin geosiyasi vəziyyət hökm sürür və proseslər sürətlə dəyişir. Belə bir şəraitdə dövlət başçılarının ildə ən azı iki dəfə görüş keçirmələri və düzgün qərarlar qəbul etmələri dövlətlərimizin milli təhlükəsizliyinə xidmət edir.
İqtisadi sahədə də Türk dövlətləri arasında ticari əlaqələr genişlənir, qarşılıqlı sərmayə qoyuluşlarının həcmi hər il artmaqdadır. Azərbaycan dövləti ilə Qazaxıstan,  Özbəkistan,  Qırğızıstan dövlətləri arasında Birgə İnvestisiya Fondları yaradılmışdır ki, məhz bu fondların fəaliyyəti nəticəsində bir çox iqtisadi layihələr həyata keçirilmiş və bu istiqamətdə işlər davam etdirilir.
Humanitar sahədə də ölkələrimiz arasında olduqca isti münasibətlər mövcuddur. Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətləri tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə orta məktəblər və uşaq yaradıcılıq mərkəzləri tikilərək Azərbaycan dövlətinə hədiyyə edilmişdir. Türkiyə şirkətləri də Qarabağın quruculuq işlərində olduqca yaxından iştirak edirlər. Özbəkistan dövlətinin dəstəyi ilə Xankəndində böyük tikiş fabriki istifadəyə verilmişdir və burada onlarla soydaşımız daimi işlə təmin edilmişdir. Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı ilk köməyə gələn dövlət məhz Azərbaycan olmuşdur. Zəlzələdən ən çox ziyan görmüş Kahramanmaraşda Azərbaycanın maliyə imkanları hesabına 100 milyon ABŞ dolları dəyərində "Azərbaycan məhəlləsi" tikilib Türkiyə dövlətinə hədiyyə edilmişdir. Bütün bu addımlar göstərir ki, ölkələrimiz bir-birinə doğma, dost və qardaş münasibətlər bəsləyirlər.
Azərbaycanın öz ərazisində reallaşdırdığı nəqliyyat- logistika layihələri ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır, xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər, Zəngəzur dəhlizləri və bu istiqamətdə olan digər layihələr böyük önəm təşkil edir. TDT-nin Baş  Nazirlərinin Bakıda keçirilən toplantısı təşkilatın gələcək iqtisadi-sosial inkişafına böyük töhfələr verəcək.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi