Stratcom Zirvəsi 2026 İstanbulda öz işinə başlayıb

Türkiyə Respublikası Prezidentinin Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi (Stratcom Zirvəsi 2026) “Beynəlxalq sistemdə qırılma: böhranlar, narrativlər və nizam axtarışı” mövzusu ilə İstanbulda öz işinə başlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Zirvəyə göndərdiyi video müraciətində iştirakçıları İstanbulda qəbul etməkdən məmnun olduğunu bildirib. Ərdoğan İstanbulu qitələrin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan kimi xarakterizə edib.
Prezident İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq sistemin dərin legitimlik böhranı ilə üz-üzə qaldığını vurğulayaraq, bu sistemin institutlarının və normalarının təsir gücünü getdikcə itirdiyini qeyd edib. O həmçinin artan münaqişələrin, böhranların və humanitar faciələrin müşahidə olunduğu bu dövrdə, xüsusilə Qəzzada sülhün, sabitliyin və ədalətin bərpasının hər zamankından daha təcili olduğunu diqqətə çatdırıb.
Zirvədə çıxış edən vitse-prezident Cevdet Yılmaz müasir mürəkkəb şəraitdə kommunikasiyanın strateji əhəmiyyətini vurğulayaraq, cəmiyyətin dayanıqlığını gücləndirən, düzgün məlumatlara çıxışı asanlaşdıran və dezinformasiyaya qarşı müqaviməti artıran kommunikasiya fəaliyyətlərinin daxili təhlükəsizliyin əsas elementinə çevrildiyini bildirib. Cevdet Yılmaz əlavə edib ki, hazırkı dövr bir-biri ilə əlaqəli qlobal və regional böhranlarla səciyyələnir və beynəlxalq sistemin ədaləti və sabitliyi təmin etmə qabiliyyəti getdikcə zəifləyir.
Kommunikasiya rəhbəri professor doktor Duran açılış nitqində bildirib ki, zirvə çərçivəsində strateji kommunikasiyanın texniki aspektləri ilə yanaşı, beynəlxalq sistemi formalaşdıran çoxölçülü böhranlar və bu böhranları dərinləşdirən narrativlər də müzakirə olunacaq. Professor doktor Duran qeyd edib ki, İkinci Dünya müharibəsindən sonrakı nizam artıq tədrici aşınma mərhələsini geridə qoyub və beynəlxalq ictimaiyyət sərhədləri hələ tam müəyyənləşməmiş yeni və qeyri-müəyyən bir dövrə qədəm qoyub. O, İmmanuel Vallerstaynın məşhur ifadəsinə istinad edərək, “Bildiyimiz dünyanın sonuna gəldik” deyib və bir vaxtlar yalnız akademik proqnozlar və futuristik ehtimallar kimi qəbul edilən proseslərin artıq real qlobal gerçəkliyə çevrildiyini vurğulayıb.