lider-media.az

Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik

Baxış: 5197 Tarix: 27-03-2026, 17:37

Əziz dostlar.

Sizi əlamətdar hadisə - Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.

Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm.

Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir.

Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanın ərazisində yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib. Görkəmli Azərbaycan dramaturqlarının əsərlərinin uğurla tamaşaya qoyulması mədəniyyət mərkəzinə təkcə Dağıstanda deyil, həm də onun hüdudlarından kənarda geniş tamaşaçı rəğbəti qazandırıb.

Bu gün Dərbənddə Azərbaycan teatrının fəaliyyətini bərpa etməsi həm peşəkar sənətçilər və incəsənətə dəyər verənlər, həm də zəngin mədəni rəngarəngliyə malik Dağıstanın bütün əhalisi üçün böyük, çoxdan gözlənilən bayramdır.

Azərbaycan və Dağıstan xalqlarını əsrlər boyu sıx dostluq əlaqələri, mehriban qonşuluq və qarşılıqlı dəstək birləşdirib. Bu ənənəvi əlaqələr Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə xüsusi rola malikdir.

Humanitar əməkdaşlığın inkişafı öz növbəsində Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin mühüm amilidir. Əminəm ki, Azərbaycan ilə Dağıstan arasında sıx əməkdaşlıq, o cümlədən mədəni-humanitar əlaqələr gələcəkdə də ardıcıl inkişaf edəcək və Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı münasibətləri məcrasında genişlənəcəkdir.

Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının bütün kollektivini bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm.

Teatra yeni yaradıcılıq uğurları arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 mart 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi