Şimali Kipr: Türkiyənin hərbi dəstəyi adada təhlükəsizliyin təminatıdır

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) son hadisələr fonunda Türkiyənin adaya hərbi dəstək göstərməsini müsbət qiymətləndirib.
Yayılan açıqlamada bildirilib ki, Cənubi Kipr hakimiyyətinin birtərəfli hərbi fəaliyyəti fonunda adada təhlükəsizlik risklərinin artması səbəbindən Türkiyə tərəfindən 6 ədəd F-16 qırıcı təyyarəsinin və hava hücumundan müdafiə sistemlərinin ŞKTC-yə göndərilməsi məmnunluqla qarşılanır.
Qeyd olunub ki, Kipr türk xalqının təhlükəsizliyi keçmişdə olduğu kimi, bu gün də “ana vətən” Türkiyə tərəfindən təmin edilir. Türkiyənin təminatçı statusu və adadakı hərbi mövcudluğu sülh, təhlükəsizlik və sabitliyin əsas təminatı kimi qiymətləndirilib.
Açıqlamada həmçinin Türkiyənin çəkindirici gücü və Türk əsgərinin adada mövcudluğunun Kipr türkləri üçün həyati əhəmiyyət daşıdığı vurğulanaraq Ankaraya təşəkkür edilib.
Bununla yanaşı, Cənubi Kiprin son illərdə silahlanma fəaliyyətini sürətləndirdiyi də diqqətə çatdırılıb. Bildirilib ki, hakimiyyət dəyişikliyindən sonra bu istiqamətdə ciddi addımlar atılıb, milyardlarla dollar vəsait xərclənib və bir sıra ölkələrlə hərbi əməkdaşlıq qurulub.
Açıqlamada qeyd olunub ki, adanın ABŞ, İsrail və Fransa kimi dövlətlər tərəfindən hərbi məqsədlərlə istifadəsinə imkan yaradılması, eləcə də İsrail–İran gərginliyi fonunda regionda müxtəlif ölkələrin hərbi qüvvələrinin cəmləşməsi Şərqi Aralıq dənizində təhlükəsizlik balansını dəyişə bilər.
ŞKTC rəsmiləri bildiriblər ki, regionda sülh və sabitliyin qorunmasına sadiq qalsalar da, Kipr türk xalqının təhlükəsizliyinə təhdid yaradan hər hansı addımı diqqətlə izləyəcək və lazımi tədbirləri görəcəklər.
Açıqlamada sonda vurğulanıb ki, bölgədə baş verən son hadisələr adada bərabərhüquqlu iki dövlət prinsipinə əsaslanan siyasətin nə qədər real və ədalətli olduğunu bir daha göstərir.