Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada



Baharın ən gözəl günlərinə təsadüf edən Pasxa bayramı qısa, lakin yadda qalan səyahət üçün ideal fürsət yaradır. Bu dövrdə Türkiyə həm canlanan təbiəti, həm də əsrlər boyu formalaşmış zəngin dini və mədəni irsi ilə diqqət çəkən istiqamətlərdən biridir.
Fərqli sivilizasiyaların izlərini daşıyan bu torpaqlarda formalaşmış xristian ziyarət marşrutları Pasxa günlərini tarixi və mənəvi atmosferdə keçirmək istəyənlər üçün xüsusi imkan yaradır. Erkən xristianlıq tarixində mühüm rol oynamış Bursa vilayətinin İznik şəhəri bu marşrutların əsas dayanacaqlarından biridir. Tarixdə mühüm ümumxristian kilsə məclislərinin keçirildiyi bu şəhər xristian dünyası üçün böyük əhəmiyyət daşıyır.
Kapadokya da Pasxa dövründə ziyarət edilən mühüm məkanlardandır. Tarixi mənbələrə görə, vaxtilə təqiblərə məruz qalan xristian icmaları bu bölgədə gizli şəkildə ibadət edərək inanclarını qoruyublar. Bu gün Türkiyə boyunca uzanan ziyarət marşrutları erkən xristianlıq tarixinin formalaşdığı məkanlarda fərqli və tarixi təcrübə yaşamaq imkanı təqdim edir.
Bursa vilayətinin “Cittaslow” (yavaş şəhər) statusuna malik İznik şəhəri Pasxa tətili üçün ən cəlbedici istiqamətlərdən sayılır. UNESCO-nun Dünya İrsi üzrə Namizədlər Siyahısına daxil edilən bu qədim şəhər ötən ilin noyabrında Papa XIV Leonun ilk xarici səfəri çərçivəsində ziyarət etdiyi məkanlardan biri kimi də diqqət çəkib.
Tarixdə müqəddəs şəhər kimi tanınan İznik xristian dünyası üçün böyük əhəmiyyət daşıyan iki ümumxristian kilsə məclisinə ev sahibliyi edib. Məhz burada keçirilən İznik Kilsə Məclisində Pasxa bayramının qeyd olunma tarixi müəyyənləşdirilib.
İstanbuldan cəmi bir günlük məsafədə yerləşən şəhər xüsusilə bahar aylarında çiçəklərlə bəzənən mənzərəsi ilə seçilir. Ziyarətçilər burada vaxtilə VII ümumxristian məclisinin keçirildiyi ehtimal olunan Ayasofya məscidini ziyarət edə, qədim şəhər divarları boyunca gəzə və Roma teatrunu görə bilərlər.
İznik eyni zamanda arxeoloji tapıntıları ilə də maraq doğurur. Hisardərə nekropolunda aşkarlanan və “Yaxşı Çoban İsa” təsviri ilə diqqət çəkən unikal qəbir kamerası şəhərin tarixi irsinin maraqlı nümunələrindən sayılır.
Şəhər sakit və təbiətə yaxın istirahət imkanları ilə də tanınır. Burada göldə kanoe gəzintiləri, təbiət yürüşləri və velosiped turları təşkil olunur. Ziyarətçilər həmçinin göldən yeni tutulmuş balıqdan hazırlanan yerli təamların dadına baxa bilərlər.
İznik XV–XVII əsrlərdə Osmanlı imperiyasının ən mühüm çini istehsalı mərkəzlərindən biri olub. Bu gün şəhərdə ənənəvi çini emalatxanalarını ziyarət etmək, ustad dərslərində iştirak etmək və zərif çini nümunələri əldə etmək mümkündür.
Pasxa dövründə Türkiyənin bibliya irsi ilə tanış olmaq istəyənlər üçün marşrut ölkənin qərb bölgələrində yerləşən və Vəhy Kitabında adı çəkilən Yeddi Kilsənin yerləşdiyi ərazilərə doğru uzanır. Müasir İzmir, Manisa və Dənizli vilayətlərində yerləşən bu məkanlar xristian tarixində xüsusi yer tutur. Rəvayətlərə görə, həvari Yəhya ilahi vəhy zamanı İsa Məsihdən aldığı mesajları bu kilsələrə ünvanlayaraq hər biri üçün fərqli məzmun daşıyan məktublar göndərib.
Tarixi mənbələrə görə, bu kilsələrin birincisi Efesdə yerləşirdi.
Daha sonra Smyrna (indiki İzmir), Perqamon, Tiyatira, Sardis, Filadelfiya və Laodikeya kilsələri gəlirdi. Pasxa günlərində bu məkanları kəşf etməyin ən rahat yollarından biri bölgədə avtomobil icarəyə götürərək səyahəti öz tempinizdə davam etdirməkdir.
Egey sahilləri ilə yaşıl təbiət mənzərələri arasında yerləşən bu tarixi ərazilər xüsusilə bahar aylarında daha cəlbedici görünür. Ziyarətçilər burada həm təbiətin gözəlliyini seyr edir, həm də zəngin dini və tarixi irslə tanış olurlar.
UNESCO Dünya İrsi siyahısına daxil edilmiş Efes qədim şəhərini ziyarət edənlər yaxınlıqda yerləşən Müqəddəs Məryəmin Evi kimi tanınan ziyarətgahı da görə və burada keçirilən Pasxa mərasimlərində iştirak edə bilərlər.
Pəribacaları və isti hava şarları ilə məşhur olan Kapadokya təkcə təbiət möcüzələri ilə deyil, həm də xristianlıq tarixinin maraqlı səhifələri ilə diqqət çəkir. Roma dövründə təqiblərdən qaçan ilk xristian icmalarının bölgədəki yeraltı şəhərlərdə sığınacaq tapdığı bildirilir.
Kaymaklı və Derinkuyu kimi yeraltı şəhərlər bu gün ziyarətçiləri əsrlər əvvəlinə aparan nadir tarixi məkanlar hesab olunur. Bölgədə dini memarlığın inkişafında Müqəddəs Böyük Vasili mühüm rol oynayıb və onun rəhbərliyi ilə ilk kilsələr Göreme vadisində inşa edilib.
UNESCO Dünya İrsi siyahısına daxil edilən Göreme Açıq Səma Muzeyində yerləşən Tokalı kilsəsi və Qaranlıq kilsə erkən xristian memarlığının ən təsirli nümunələrindəndir. Yaxşı qorunmuş freskalar bu dövrün dini sənətini əks etdirir.
Kapadokya həm də qədim şərabçılıq ənənəsi ilə tanınır. Bu ənənənin ilk xristian rahiblərinə qədər uzandığı bildirilir. Bölgəni ziyarət edənlər yerli mətbəxin dadına baxa və Kapadokyaya məxsus şərab nümunələri ilə tanış ola bilərlər.
Avanos qəsəbəsində təşkil olunan qısa ustad dərslərində iştirak edərək ənənəvi dulusçuluq sənətini də sınaqdan keçirmək mümkündür. Bu emalatxanalar bölgənin əsrlərdir yaşadılan sənət ənənəsini yaxından tanımaq imkanı yaradır.
Pasxa günlərində mənəvi məzmunlu səyahət üçün istiqamətlərdən biri də Türkiyənin cənubundakı Anadolu bölgəsidir. Xristianlığın mühüm həvarilərindən biri hesab olunan Müqəddəs Pavl həyatının böyük hissəsini bu torpaqlarda keçirib və dini təbliğ fəaliyyətini burada aparıb.
Müqəddəs Pavl yolu (St Paul Trail) onun Kiçik Asiya boyunca etdiyi missioner səfərlərinin izlərini izləyən məşhur marşrutdur. Bu yol xristianlığın yayılmasında mühüm rol oynamış şəhər və bölgələri əhatə edir.
Marşrut iki istiqamətdən başlayır: qədim Perge şəhərindən və Köprülü Kanyon Milli Parkından. Bu yollar Adada şəhərində birləşir və sonda Isparta vilayətinin “Cittaslow” statuslu Yalvaç şəhərində tamamlanır.
Antalya vilayətinin Demre şəhərində yerləşən Müqəddəs Nikolay kilsəsi də ziyarətçilərin diqqətini çəkir. Dünya miqyasında Santa Klaus kimi tanınan Müqəddəs Nikolaya həsr olunan bu tarixi kilsədə onun məşhur məzarı yerləşir.
Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı