lider-media.az

İki qitəni birləşdirən, dörd imperiyanın paytaxtı- İstanbul

Baxış: 1 052 Tarix: 3-03-2026, 19:32



Türkiyə artıq dünya turizminin mərkəzlərindən birinə çevrilib və bu, heç kimə sirr deyil. Bunun əsas səbəblərindən biri də qardaş ölkədə turizm xidmətinin yüksək səviyyədə qurulmasıdır.Turistləri cəlb edən yalnız möhtəşəm təbiət mənzərələri deyil. Bu ölkənin zəngin tarixi, mədəniyyəti, istiqanlı insanları, qonaqpərvərliyi, zəngin və rəngarəng mətbəxi, bir-birindən ləziz şirniyyatları və peşəkar xidmət sektoru Türkiyəni fərqləndirən əsas amillərdəndir.
Antalya sahilləri, Kapadokyanın səmaya yüksələn qayaları, Efesin əzəmətli sütunları, Pamukkalenin ağ terrası, Mardinin daş küçələri — hər biri fərqli bir tarix danışır.

 İlin hansı fəslində səfər etməyindən asılı olmayaraq, Türkiyənin istənilən bölgəsində səni yeni bir təbiət möcüzəsi qarşılayır. Bu ecazkar məkandan doymaq mümkün deyil — hər səfər yeni bir hekayə, yeni bir təəssürat deməkdir. Budəfəki səfərimiz bütün müsəlman dünyasının müqəddəs ayı, 11 ayın sultanı Ramazana dəng gəldi. Ramazanda Türkiyə bir başqa aləmdir.


Türkiyənin turizm nəbzi

Türkiyənin turizm ölkəsi kimi uğurlatında dövlət strategiyası mühüm rol oynayır. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və onun nəzdində fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyi (TGA) ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılmasında xüsusi paya malikdir.
“GoTürkiye” platforması, rəqəmsal kampaniyalar, beynəlxalq sərgilər və media əməkdaşlıqları turizm sektorunun davamlı inkişafına təkan verir. Mədəni irsin qorunması və regional turizmin canlandırılması istiqamətində görülən işlər nəticəsində Türkiyə son illərdə dünyanın ən çox ziyarət edilən ölkələri sırasında özünəlayiq yer tutub.


İstanbul -tarixin və mədəniyyətin qovşağı

Tarixin və mədəniyyətin qovşağı olan
İstanbul Türkiyənin 81 vilayətindən biridir və ölkənin ən böyük şəhəridir. Əhalisi 16 milyona yaxındır. Şəhər iqtisadi gücünə görə dünyada ön sıralarda yer alır və Avropanın ən böyük metropollarından hesab olunur.
Mərmərə dənizi və Bosfor sahili boyunca uzanan bu qitələrarası şəhərin Avropa hissəsi “Avrupa Yakası”, Asiya hissəsi isə “Anadolu Yakası” adlanır. Bu adlar bir çox tamaşaçıya Avrupa Yakası serialını xatırladır. Ssenarisini yazdığı və baş rolunu Gülse Birselin canlandırdığı bu ekran əsəri illər keçsə də, həm Türkiyədə, həm də Azərbaycanda sevilərək izlənilir.


4 imperiyanın paytaxtı

İstanbul dünyanın ən qədim şəhərlərindən biridir. 330–395-ci illərdə Roma İmperiyasına, 395–1204 və 1261–1453-cü illərdə Bizans İmperiyasına, 1204–1261-ci illərdə Latın İmperiyasına, 1453–1922-ci illərdə isə Osmanlı İmperiyasına paytaxtlıq edib.
Şəhərin qədim adı Vizantiya olub. Osmanlı dövründə Konstantiniyyə və İstanbul adlandırılıb. 13 oktyabr 1923-cü ildə paytaxt statusu Ankaraya verilsə də, İstanbul bu gün də ölkənin ticarət, sənaye, təhsil, mədəniyyət və turizm mərkəzi olaraq qalır.
Qara dənizlə Mərmərə dənizini birləşdirən və Asiya ilə Avropanı ayıran Bosfor şəhərə misilsiz geosiyasi əhəmiyyət qazandırır.

İstanbulun inciləri

İstanbul həm də möhtəşəm memarlıq inciləri ilə seçilir: Sultan Əhməd Məscidi, Ayasofya, Taksim Meydanı, Eyüp Sultan Məscidi və Dolmabaxça Sarayı şəhərin simvollarındandır.
Dörd imperiyanın paytaxtı olmuş, iki qitəni birləşdirən bu sirli və möcüzəli şəhər hər kəs üçün fərqlidir.  Burada hər daşın, hər küçənin, hər səmanın altında bir tarix yatır.
Sadəcə, gəlib görmək və hiss etmək məsləhətdir.

///////////

İstanbulun ürəyinin döyündüyü Taksim

İstanbulda  bir məkan var ki, ora çatanda şəhərin nəbzini istər-istəməz hiss edirsən. Sanki minlərlə insanın addım səsləri, musiqi notları, küçə satıcılarının çağırışları və uzaqdan gələn tramvay zəngi bir melodiyaya çevrilir. Bu yer — Taksim Meydanıdır.
İstanbulun Beyoğlu rayonunda yerləşən Taksim sadəcə bir meydan deyil. Tarixin izlərini özündə yaşadan şəhərin yaddaşıdır. Meydanın mərkəzində ucalan Cümhuriyyət Abidəsi Türkiyə Cümhuriyyətinin quruluş ruhunu, azadlıq və yenilənmə ideyasını daşıyır. Milli bayramlarda burada minlərlə insan toplaşır, amma ilin istənilən günündə Taksim  dostların, sevgililərin, turistlərin ilk dayanacağı, görüş yeridir.
Burada dayanıb ətrafa göz gəzdirəndə İstanbulun daim hərəkətdə olduğunu bir daha anlayırsan. İnsan seli heç vaxt səngimir. Bir tərəfdə gənclərin şaqraq gülüş səsləri, digər tərəfdə küçə musiqiçisinin gitarasında şövqlə ifa etdiyi  retro türk mahnısı qəribə hisslər yaradır. Turistlərin sayı həddindən çoxdur. Ehtiyatlı olmaq lazım gəlir ki, Nostalji Tramvayın hərəkətinə mane olmayasan. Hər addımda başqa bir həyat hekayəsi gizlənir.
İstiqlalın sehrli addımları
Taksimdən aşağı doğru uzanan İstiqlal caddəsi isə tamam başqa bir aləmdir.


Nostalji Tramvay

Küçə boyunca hərəkət edən Nostalji Tramvay sanki səni zamanın içindən keçirir. Qırmızı vaqonun zəngi çalınanda küçədə bir anlıq romantik bir film səhnəsi yaranır.
İstiqlal caddəsində addımladıqca qədim binaların eyvanları, sənət qalereyaları, kitab mağazaları və kafelər insanı özünə çəkir. Burada bir fincan türk qəhvəsi içmək, küçə musiqiçilərini dinləmək, ya da sadəcə izdihamın içində itmək belə zövqdür.


Tarixin nəfəsi

Taksim ətrafında dolaşdıqca anlayırsan ki, İstanbulun tarixi yalnız muzey divarlarında deyil, küçələrin özündə yaşayır. Bir az aralıda ucalan Ayasofya əsrlərin sükutunu qoruyur. 360-cı ildə imperator Konstantios tərəfindən inşa edilən və sonralar yenidən tikilən bu möhtəşəm abidə Bizansdan Osmanlıya, oradan da müasir Türkiyəyə uzanan böyük bir tarix körpüsüdür.
İstanbulun hər daşında imperiyaların izi var. Amma Taksimdə bu tarix müasir həyatla qucaqlaşır. Keçmiş və bu gün burada yanaşı addımlayır.

Çünki Taksim yalnız baxılacaq bir yer deyil — hiss ediləcək bir məkandır. Burada şəhərin enerjisi səni içinə çəkir. Gün batanda meydanın işıqları yanır, küçələr daha da canlanır və İstanbul öz sehrini göstərməyə başlayır.
Bir gün yolunuz İstanbula düşərsə,  Taksim meydanına mütləq baş çəkin. Burada gözlərini yumub, şəhərin səsinə qulaq versən,  o səs sənə deyəcək — sən artıq iki qitənin qovuşduğu şəhərin ürəyindəsən.
Bəzi şəhərlər də insan kimidir, toxunduqca yaşadığını  hiss edirsən.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi