lider-media.az

Ağdərəyə daha 293 nəfər qayıtdı 

Baxış: 1225 Tarix: 23-02-2026, 15:02

Ağdərəyə daha 293 nəfər qayıtdı - FOTO

Fevralın 23-də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti köç mərhələsi reallaşıb.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün Ağdərə rayonunun dörd yaşayış məntəqəsinə ümumilikdə 293 nəfərdən ibarət 63 ailə qayıdıb.

Bu mərhələdə Çıldıran kəndinə 46 nəfər (10 ailə), Çapar kəndinə 22 nəfər (7 ailə),Aşağı Oratağ kəndinə 141 nəfər (29 ailə), Heyvalı kəndinə isə 84 nəfər (17 ailə) köçürülüb.

Köç Prosesi planlı şəkildə davam etdirilir və sakinlərin dayanıqlı məskunlaşması üçün zəruri infrastruktur təmin olunur. Ağdərədə mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, rayon ərazisində genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Fərdi yaşayış evləri əsaslı şəkildə bərpa olunur, yeni sosial obyektlər inşa edilir, təhsil və səhiyyə müəssisələri yenidən qurulur, kəndlərdə müasir kommunal infrastruktur yaradılır.

S. Qəhrəmanov onu da vurğulayıb ki, sosial infrastrukturun tam yenilənməsi sakinlərin rahat, təhlükəsiz və layiqli yaşayışının təmin olunmasına xidmət edir. Eyni zamanda, doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluq məsələləri də daim diqqət mərkəzində saxlanılır, ehtiyacı olan ailələrin dövlət və özəl sektor üzrə işlə təminatı istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində rayonun sosial-iqtisadi dirçəlişi istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi