lider-media.az

Xalq şairi Nəriman Həsənzadəyə

Baxış: 2423 Tarix: 18-02-2026, 17:39

Hörmətli Nəriman Həsənzadə!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayırıq.

Siz milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalaraq, özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmiş söz ustasısınız. Ötən əsrin 50-ci illərində poeziya aləminə qədəm qoyduğunuz ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirərək, geniş oxucu auditoriyasının xüsusi rəğbətini qazanmısınız.

Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləriniz Sizi həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərinizdə müasirlərimizin hiss və düşüncələri öz dolğun bədii ifadəsini tapmışdır. Xalqın yaddaşının poeziyadakı əksi olan poema və mənzum pyeslərinizdə keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətləri tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik ruhunda canlandırmısınız. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur.

Ədəbi şəxsiyyətinizlə vəhdətdə alim, pedaqoq və ictimai xadim kimi səmərəli fəaliyyətiniz Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir.

İnanırıq ki, milli məfkurəyə sədaqət və mənəvi saflıq aşılayan yaradıcılığınız gənc nəslin milli mənlik şüurunun formalaşmasında bundan sonra da əhəmiyyətli rol oynayacaqdır.

Ən xoş arzularla,

İlham Əliyev

Azərbaycan Respublikasının
Prezidenti

                   Mehriban Əliyeva

                   Azərbaycan Respublikasının
                   Birinci vitse-prezidenti

Bakı şəhəri, 18 fevral 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi