İstanbulun mozaika irsi - Zeytinburnu Mozaika Muzeyi


Qədim dövrlərə aid mozaikalar yalnız dekorativ element deyil, həm də dövrün sosial və estetik dünyagörüşünü əks etdirən qiymətli irsdir. Minilliklər boyu müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş Türkiyə bu nadir sənət nümunələrinin ən zərif örnəklərini qoruyub saxlayır.
Bu irsi Zeytinburnu Mozaika Muzeyində yaxından görmək mümkündür. İstanbulun mərkəzində, tarixi hərbi hospital binasında yerləşən muzey 2015-ci ildə aparılan bərpa işləri zamanı aşkar edilən mozaikalar əsasında yaradılıb. 2019-cu ildə aparılan qazıntılar mozaikaların davam etdiyini və mərmər sarkofaqın mövcudluğunu təsdiqləyib.
IV–V əsrlərə aid edilən və Roma villasının bir hissəsi sayılan çoxrəngli mozaikalar həndəsi və bitki motivləri ilə zəngindir. 190 kvadratmetrdən artıq sahəni əhatə edən bu nümunələr “opus tessellatum” texnikasında işlənib və orijinal mühitində nümayiş olunur. Muzeydə həmçinin sarkofaq, məzar strukturu, insan qalıqları, terrakota qablar və sikkələr də sərgilənir.
Bu gün muzey yalnız arxeoloji məkan deyil, həm də sərgi zalları və kitabxanası ilə fəaliyyət göstərən mədəniyyət mərkəzidir. Ziyarətçilər üçün həftənin altı günü açıqdır və İstanbulun çoxqatlı tarixini yaxından hiss etmək imkanı yaradır.