“Əsrin fəlakəti” sayılan Kahramanmaraş zəlzələsindən 3 il ötür



Türkiyədə episentri Kahramanmaraş vilayətində yerləşən dağıdıcı 2023-cü il zəlzələlərindən 3 il ötür.
Lider-media.az xəbər verir ki, zəlzələdə 53 mindən çox insan həyatını itirib.
Zəlzələ 2023-cü il fevralın 6-da yerli vaxtla saat 04:17 və 13:24-də baş verib. 7,7 və 7,6 bal gücündə olan zəlzələlər ümumi əhalisi 14 milyon nəfər olan ondan çox vilayətdə dağıntılara səbəb olub. “Əsrin fəlakəti” adlandırılan bu zəlzələlər nəticəsində qardaş ölkədə təxminən 107 min nəfər xəsarət alıb.
Qısa müddətdə fəlakət zonasına dünyanın 93 ölkəsindən 12 minə yaxın xilasedici, yerli axtarış-xilasetmə xidmətlərinin 35 mindən çox mütəxəssisi və Türkiyənin təhlükəsizlik qurumlarının 142 min əməkdaşı cəlb olunub. Zəlzələ bölgəsində 34 tam təchiz edilmiş səhra hospitalı fəaliyyətə başlayıb.
Azərbaycan qardaş ölkəyə ilk yardım əlini uzadanlardandır və bu, təbiidir. Çünki iki qardaş ölkə xoş gündə də, dar gündə də bir-birinin yanındadır.
Qardaş ölkədə baş verən dəhşətli zəlzələdən dərhal sonra cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, faciənin fəsadlarının aradan qaldırılması üçün axtarış-xilasetmə əməliyyatlarının təşkili və zərərçəkmiş şəxslərə humanitar yardım göstərilməsi məqsədilə həm aidiyyəti dövlət qurumları, həm də Azərbaycan xalqı tam gücü ilə səfərbər olub.
Həmçinin zəlzələdən zərər çəkmiş əhalinin təcili sığınacaqla təmin edilməsi məqsədilə çadırlar və konteyner tipli mobil evlər də göndərilib.
İki ölkənin dostluğunun, qardaşlağının rəmzidir ki, Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsi tikilir. Hazırda baş plan üzrə 7, 8, 11 və 12-ci kvartallarının tikintisi tamamlanıb. 26 yaşayış binasının yerləşdiyi bu kvartallarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.
2025-ci il iyun ayının 19-da cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan məhəlləsinin açılış mərasiminin keçirilib. Bir sıra mənzillərin açarları sahiblərinə təqdim olunub.
Allah zəlzələdə həyatını itirənlərə rəhmət eləsin!
Allah Azərbaycanı və Türkiyəni bəlalardan qorusun! Dostluğumuz, qardaşlığımız əbədi olsun!
Səadət