Donald Tramp İrana zərbə endirməmək qərarını dəyişə bilər

ABŞ Prezidenti Donald Tramp heç kimin onu İrana zərbə endirməməyə inandırmağa çalışmadığını bildirib.
Lider-media.az xəbər verir ki, Tramp bunu Vaşinqtondan Florida ştatına uçmazdan əvvəl jurnalistlərə verdiyi açıqlamada qeyd edib.
Amerika lideri ərəb dövlətləri və İsrail nümayəndələrinin onu İrana zərbə endirməməyə inandırmağa çalışıb-çalışmadığı ilə bağlı sualı belə cavablandırıb: "Heç kim məni inandırmadı. Özümü inandırdım. Onlar dünən üçün 800-dən çox insanı edam etmək istəyirdilər. Onlar heç kimi asmadılar və bunu ləğv etdilər. Bunun böyük təsiri olub".
O, İrana zərbə endirməmək qərarının qəti olub-olmadığını dəqiqləşdirməyib.
Trampdan həmçinin İrandakı hökumət əleyhinə etirazçılara ABŞ-ın yardımının "yolda" olması ilə bağlı sözlərinin hələ də qüvvədə olub-olmadığını aydınlaşdırması istənilib. Amerika lideri suala lakonik cavab verib: "Görəcəyik".