lider-media.az

Giresun -Türkiyənin cənnəti

Baxış: 702 Tarix: 13-01-2026, 12:09


Türkiyədə gəziləcək, görüləcək gözəl məkanlardan biri də turistlərin sevimli məkanına çevrilən Giresundur.

Dağların ətəyində düzülmüş yamyaşıl yaylaları, Qara dənizə baxan heyranedici qalaları, Aralıq dənizi və Egey dənizinə bənzəyən mavi bayraqlı çimərlikləri ilə Giresun ən çox sevilən məkanlardan biridir.

Tirebolu, Bulancak, Keşap və Espiye kimi Qara dəniz sahili boyunca yerləşən turistik rayonları ilə hər il yüz minlərlə turistə  ev sahibliyi edən Giresun, yaşıl və mavinin qovuşduğu mənzərəsi ilə hər mövsüm xoş səyahət təklif edir.

 Giresun vilayətinin və Giresun rayonunun mərkəzi olan şəhər Türkiyənin şimal-şərqində Qara dəniz bölgəsində, Trabzon şəhərindən təxminən 175 km qərbdə yerləşir. Əhalisi  rəsmi statistikaya görə 147,682 nəfərdir. Giresunun tarixi olduqca zəngindir.  

 Giresun öz adını “kiraz” sözündən götürüb

Giresun (yun. Κερασούντα, romanlaşdırılmış: Kerasunta) adlanır. Bu şəhərin əsas gəliri isə turizm və fındıqdır.  Giresunun emblemində altı element var: dağ, dəniz, qala, gilas, fındıq və balıq. Dünyanın dörd bir yanına fındıq yüklü gəmilər buradan yola çıxır. Çünki dünyada fındıq istehsalının 73 faizini verən Türkiyənin əsas fındıqçılıq mərkəzi Giresundur. Bu torpaqda gilas da çox yetişdiyindən Giresun öz adını yabanı gilas sortu olan “kiraz” sözündən alıb. Türklər deyirlər ki, gilas bütün dünyaya buradan yayılıb.

Giresun 1397-ci ildə türkmən bəyləri Əmiroğlu Süleyman bəy və Pir Kadem Çakır bəy tərəfindən fəth edilib və o vaxtdan bəri işğal edilməmişdir. Sonrakı illərdə Osmanlının 1461-ci ildə Trabzon imperiyasını fəthi ilə Giresun da Osmanlı imperatorluğunun hakimiyyəti altına keçib. 1500-cü illərin siyahıyaalma kitablarında Giresun və ətrafı (Koyulhisar/Büyükliman/Vakfıkebir) Vilayəti Çepni olaraq ortaya çıxdı və xüsusi bir idarə tərəfindən idarə edilib. Beyliklər dövründən (1461) sonra Osmanlı imperatorluğunun Trabzon vilayətinə bağlı olan Giresun 1920-ci ildə Ordu, Tirebolu və Görele rayonları ilə birləşdirilərək Giresun sancağı yaradılıb və 1923-cü ildə əyalətə çevrilib.

 Giresuna səfər etmək istəyənlər əsasən haranı gəzəcəklərini fikirləşirlər. Əslində bu turizm şəhərinə ilin istənilən zamanı səfər etmək mümkündür. Giresun həm yay, həm də qış turizmi üçün əlverişlidir. Hər il bu şəhərə yüzminlərlə turist gəlir. Oxucularımız üçün maraqlı olduğunu nəzərə alıb Giresunun ən gəzməli və görməli yerlərini təqdim edirik.

 Bulancak

Giresundan 17 km aralıda yerləşən Bulancak, tarixi binaları, dərin mavi dənizi və yaşıllıqlarla örtülü təbiəti ilə günübirlik səyahət üçün ideal məkandır. Xüsusilə Paşakonağı yaylası yaz və yay aylarında çoxsaylı ziyarətçiləri cəlb edir.

 Tirebolu

Yaşılla mavinin qovuşduğu Tirebolu sakit və dinc atmosferi, təmiz çimərlikləri və möhtəşəm gün batımı mənzərələri ilə seçilir. Burada həm dənizdən zövq ala, həm də axşam gəzintiləri edə bilərsiniz.

Görele

“Qara dənizin incisi” adlandırılan Görele təbiət möcüzələri, yaylaları və çimərlikləri ilə məşhurdur. Sis Dağı Yaylası, Dokuzgöz Milli Parkı və sahil çimərlikləri təbiətsevərlər üçün əvəzsiz ünvanlardır.

 Espiye

Giresundan 30 dəqiqəlik məsafədə yerləşən Espiye tarixi abidələri və sahil boyu mənzərələri ilə seçilir. Andoz qalasından açılan panorama buranın ən yaddaqalan görüntülərindəndir.

 Şebinkarahisar

Tarix və təbiətin vəhdətini özündə birləşdirən Şebinkarahisar qalası, monastırları, məscidləri və yaylaları ilə diqqət çəkir. Bura həm tarix həvəskarları, həm də təbiət sevənlər üçün ideal məkandır.

 Giresun qalası

Şəhərin simvolu olan Giresun qalası qədim tarixi və panoramik Qara dəniz mənzərəsi ilə ziyarətçiləri heyran edir. Qala şəhəri seyr etmək üçün ən gözəl nöqtələrdən biridir.

 Giresun tarixi abidələri, yaylaları, çimərlikləri və füsunkar təbiəti ilə əsl cənnət guşəsidir. Bu gözəllikləri kəşf etmək üçün yolunuzu mütləq Giresundan salın.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi