MEDİA-nın 5 yaşı tamam olur

1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə ölkədə müasir medianın formalaşması üçün də geniş imkanlar ortaya çıxdı. Aparılan köklü islahatlar nəticəsində senzura və söz azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Eyni zamanda, redaksiyaların davamlı inkişafı və iqtisadi müstəqilliyinin artırılması, jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Azərbaycan mediası bu dövr ərzində özünəməxsus inkişaf yolu keçərək, ölkədə və dünyada baş verənlər haqqında cəmiyyətin məlumatlandırılmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb. Müasir dövrdə isə cəmiyyətin bütün sahələrində aparılan köklü islahatlar, qlobal informasiya məkanında sürətlə baş verən dəyişikliklər və kommunikasiya vasitələrinin inkişafı medianın fəaliyyətində keyfiyyət dəyişikliyini zəruri edir.
Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra prioritet məsələlərindən biri də milli mətbuatın yeni mərhələyə çıxarılması oldu. Çünki regionda və dünyada mövqelərini möhkəmləndirən, beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilən Azərbaycanın güclü, peşəkar və məsuliyyətli mediaya ehtiyacı var idi.
Məhz bu məqsədlə 2021-ci il yanvarın 12-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 1249 nömrəli Fərman imzaladı. Fərmanın icrası Medianın İnkişafı Agentliyinə (MEDİA) həvalə olundu. Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılan qurumun əsas məqsədi mətbuatın inkişafını dəstəkləmək, jurnalistika sahəsində peşəkar kadrlarının hazırlanmasına şərait yaratmaq, eləcə də media sahəsində innovativ texnologiyaların tətbiqini stimullaşdırmaq idi.
Yaradılmasından beş il keçməsinə baxmayaraq, qurum Azərbaycan mediasının modernləşməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaf fəaliyyətinin təmin olunmasında mühüm nəticələrə imza atıb. Görülən işlərin nəticəsidir ki, Azərbaycan mediası getdikcə həm yerli, həm də beynəlxalq aləmdə etibarlı və peşəkar informasiya mənbəyi kimi mövqeyini gücləndirir.
MEDİA-ya gələcək fəaliyyətində uğurlar arzulayırıq!