Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir-YENİLƏNİB




Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir.
Lider-media.az xəbər verir ki, tədbirdə hər iki ölkənin rəsmi nümayəndələri ilə yanaşı, dövlət və özəl sektor, biznes assosiasiyaları və ticarət palatalarının nümayəndələri iştirak edirlər.
Forum Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikası Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları Dərnəyi və İndustriya Birliyinin (İTÜB) birgə təşkilatçılığı ilə keçirilir.
Tədbir çərçivəsində regional ticarətin təşviqi, enerji keçidi, davamlı inkişaf və infrastruktur layihələri, ikitərəfli əməkdaşlığın inkişafı və Dördüncü Sənaye İnqilabına həsr olunmuş panel sessiyaları təşkil ediləcək.
Artan iqtisadi əməkdaşlıq fonunda keçirilən 2-ci Forum daha geniş proqrama malikdir. Tədbir Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın iqtisadi əsaslarını gücləndirmək məqsədi daşıyır.
Forumda investisiya təqdimatları olacaq və müxtəlif mövzular üzrə panel iclaslar təşkil olunacaq:
• Regionlararası ticarət və logistika dəhlizləri;
• Aqrar tərəfdaşlıq – dayanıqlı inkişaf və qida təhlükəsizliyi;
• Enerji transformasiyası – innovasiya və COP29 sonrası perspektivlər;
• Yaşıl şəhərsalma və davamlı infrastruktur;
• Azərbaycan–Türkiyə biznes əməkdaşlığı – çağırışlar və imkanlar;
• Sənaye 4.0 – gələcəyin texnologiyaları.
Türkiyə şirkətlərinin Azərbaycan iqtisadiyyatının aparıcı sektorları, sənaye və logistika infrastrukturu ilə tanış olması üçün sənaye parklarına, azad iqtisadi zonalara və logistika mərkəzlərinə səfərlər təşkil olunacaq.
Xatırladaq ki, birinci Azərbaycan-Türkiyə İnvestisiya Forumu 2023-cü il dekabrın 23-də keçirilib.
Səadət