Kamilə Əliyeva: Azərbaycan-Slovakiya əlaqələri hər iki dövlətin milli maraqlarına xidmət edir

Prezident cənab İlham Əliyevin Slovakiyaya səfəri və səfər çərçivəsində bir sıra sahələri əhatə edən sənədlərin imzalanması bir daha göstərdi ki, Azərbaycan və Slovakiya dost ölkələr olmaqla yanaşı strateji tərəfdaş dövlətlərdir.
Bunu Lider-media.az-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva deyib.
Kafedra müdiri bildirib ki, ötən il Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması iki dövlət arasında münasibətləri ən yüksək səviyyəyə çatdırmış oldu. Slovakiya Prezidentinin, ölkənin Baş nazirinin eləcə də, Milli Şura sədrinin Prezident cənab İlham Əliyevlə görüşü bu ölkənin Azərbaycanla ən yüksək səviyyədə münasibətlərin dərinləşməsinə böyük önəm verdiklərinin əyani nümunəsidir.
Ölkələrimiz arasında çoxşaxəli münasibətlərdən danışan K.Əliyeva qeyd edib: “Azərbaycan Avropanın bir sıra dövlətləri ilə yanaşı Slovakiyanın da enerji təhlükəsizliyinə böyük töhfə verir. Artıq bir ildir ki, Azərbaycan qazı Slovakiyaya nəql olunur. Ölkəmiz Slovakiyanı ehtiyac olduğu həcmdə enerji ilə təminetmə potensialına malikdir.
Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi də keçirilən görüşlərin əsas mövzularından biri olmuşdur. İki dövlət birgə hərbi təyinatlı silahların istehsal olunması barədə işlər aparacaq. Slovakiya NATO-ya üzv dövlət olaraq silah istehsalı sahəsində böyük təcrübəyə malikdir. Ölkəmizdə də hərbi sənayenin inkişafı istiqamətində böyük işlər aparılır”.
Professor Slovakiyanın işğaldan azad edilmiş ərazilərimizdə bərpa quruculuq işlərində yaxından iştirak etdiyini bildirib: “Ağdamın Baş Qərvənd kəndində "Ağıllı kənd" inşa edilir. Prezident cənab İlham Əliyev göstərdiyi dəstəyə görə Slovakiya liderinə təşəkkür etdi. Azərbaycanla Slovakiya arasında iqtisadi, humanitar, energetika, kənd təsərrüfatı sahələrində yeni əməkdaşlıq əlaqələri hər iki dövlətin milli maraqlarına xidmət edir. Slovakiya Avropada müstəqil xarici siyasət həyata keçirən az saylı dövlətlərdən biridir və bəzən müəyyən təzyiqlərlə üzləşir. Milli maraqlarını uca tutması ölkə rəhbərliyinə beynəlxalq aləmdə böyük hörmət gətirmişdi”.
“İqtisadi əlaqələrlə yanaşı Azərbaycanla Slovakiya arasında siyasi əlaqələr də möhkəm təməllər üzərində qurulub. Slovakiya hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyib. Prezident cənab İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasında mövcud dostluq və strateji tərəfdaşlığı, gələcəkdə yeni strateji modelin hədəflərini müəyyənləşdirdi”, - deyə Kamilə Əliyeva fikirlərini yekunlaşdırıb.