lider-media.az

Azərbaycan-Belarus əməkdaşlığı genişlənir

Baxış: 243 Tarix: 18-05-2024, 22:02

    Azərbaycanın xarici siyasətində dünya ölkələri xüsusən də MDB dövlətləri ilə əməkdaşlıq əsas yer tutur. Bu mənada Belarus ilə Azərbaycan arasındakı münasibətlər xüsusi qeyd edilməlidir. İki ölkə arasında əlaqələrin əsası hələ sovetlər dönəmində qoyulub, müstəqillik dövründə isə hərtərəfli inkişaf etdirilib.

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevin dəvəti ilə mayın 16-da Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşü keçirilib. Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib: "Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur". Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

     Belarusun Cənubi Qafqazdakı əsas siyasi, iqtisadi və hərbi tərəfdaşı məhz Azərbaycandır. Politoloqların qənaətinə görə, Belarus dövlət başçısının Azərbaycana səfəri bütün sahələr üzrə uğurları nəzərdən keçirməyə, əməkdaşlığın yeni formasını tapmağa, birgə iqtisadi layihələr icra etməyə imkan verəcək. Azərbaycan-Belarus münasibətləri başqa ölkələr üçün də nümunə ola bilər. Prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşündə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, rəsmi səfərin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

    Bakıda keçirilən sərgilərdə də Belarusun milli stend ilə təmsil olunması kənd təsərrüfatı sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqləyir. Qafqaz regionunda ən böyük beynəlxalq kənd təsərrüfatı sərgisi olan "Caspian Agro" sərgisində Belarusun milli pavilyonla təmsil olunması və bu ölkənin 40 şirkətinin sərgidə iştirakı təqdirəlayiq hal olaraq dəyərləndirilir. Qeyd edək ki, bu sərgi aqrar sahədə fəaliyyət göstərən iş adamları və fermerlərin yeni məhsul və texnologiyalarla tanış olmasına imkan verəcək, iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı daha da gücləndirəcək. Tərəflər aqrar sahədə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayırlar. Müvəffəqiyyətlə həyata keçirilən müştərək sənaye layihələri mühüm əhəmiyyət kəsb edir.

     Ölkəmizin istehsalçılarının məhsulları Minskdə və regionlarda iri pərakəndə satış şəbəkələrinə daxil olur, 2017-ci ildə Minskdə Azərbaycan "Ticarət evi" açılıb. Azərbaycanda da "Belorusski" mağazalarının ticarət şəbəkəsi genişlənir. Sənaye əməkdaşlığı layihələrindən biri də Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında əməkdaşlıqdır. Minsk Traktor Zavodu komplektləri tədarük edir, Gəncədə isə müxtəlif modifikasiyalı "Belarus" traktorları, xüsusi texnika, "Belarus" markalı elektrik avtobusları və taxılyığan kombaynlar yığılır. Belarus və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişafının böyük potensialı var. Azərbaycanın özünəməxsus mədəniyyəti, Qafqazın və Xəzər dənizinin gözəlliyi, çoxəsrlik tarixi, şübhəsiz ki, Belarusdan gələn turistləri cəlb edəcəkdir. Öz növbəsində, Belarus da görməli yerlərə turlar, təhsil və sağlamlıq turizmi təklif edə bilər. Hər iki ölkə innovativ inkişaf yolu ilə irəliləyir, iqtisadiyyatın neft sektorunun inkişafı üçün layihələrin təşviqi prioritet istiqamət kimi götürülür. 2021-ci ildə Belarus ilə Azərbaycan enerji və neft sənayesində əməkdaşlığa dair sənədlər, o cümlədən SOCAR və Belarusun "Belneftexim" Dövlət Neft və Kimya Konserni arasında anlaşma memorandumu imzalayıb. Bu sənədlər neft və neft məhsullarının istehsalı, satışı sahəsində tərəflərin imkanlarının genişləndirilməsi məqsədi daşıyan əməkdaşlığın əsasını qoyub. Hər iki ölkənin nəqliyyat və logistika potensialının inkişafı istiqamətində də mühüm addımlar atılır. Multimodal daşımalar Belarus ilə Azərbaycan arasında bütün nəqliyyat növlərini əhatə edən və regionun infrastruktur layihələrini nəzərə alan əməkdaşlığın perspektivli sahələrindəndir. Belarus Respublikası Qərbi Avropa dövlətlərini Şərqlə, Qara dəniz sahili rayonlarını Baltik dənizi ölkələri ilə birləşdirən əsas nəqliyyat yollarının kəsişməsində yerləşir. Beynəlxalq təsnifata görə Qərb-Şərq və Şimal-Cənub Trans-Avropa nəqliyyat dəhlizi Belarus ərazisindən keçir. Azərbaycan TRASEKA (Aİ), İpək Yolu İqtisadi Kəməri (Çin) və Şimal-Cənub (Rusiya) kimi transregional layihələrdə, Avrasiyada yeni nəqliyyat və logistika marşrutlarının formalaşmasında fəal iştirak edir, Cənubi Qafqaz regionunun geosiyasətində və geoiqtisadiyyatında həlledici rol oynayır. Hər iki ölkənin tranzit potensialı böyükdür, ona görə də qarşılıqlı fəaliyyət həm Minsk-Bakı marşrutu üzrə konteyner daşımalarının təşkilinə, həm də üçüncü ölkələrə əlavə həcmdə yüklərin cəlb edilməsinə imkan verəcək.

 

Dövlət başçılarının şəxsi münasibətləri Azərbaycan-Belarus əlaqələrinin dinamik inkişafında mühüm amil kimi dəyərləndirilir. Rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektoru əhatə edir. Xüsusilə təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstəyi vurğulamaq lazımdır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, hərbi sahədə Azərbaycanla sıx əməkdaşlıq çərçivəsində ölkəmizə müxtəlif silahlar tədarük edir.

     Rəsmi Bakı və Minsk ikitərəfli əlaqələri siyasi müstəvidə də inkişaf etdirmiş və Belarus Respublikası həm Müstəqil Dövlətlər Birliyində (MDB), həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycanın maraqlarına zidd addım atmamışdır. Xüsusilə vurğulamaq lazımdır ki, rəsmi Minskə Rusiyanın "Qazprom" şirkətinə olan borcunu ödəməsi üçün Azərbaycanın 200 milyon ABŞ dolları borc pul verməsi, Prezident İlham Əliyev və Aleksandr Lukaşenko arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə zəmin yaratmışdır. Bu məqamı Belarus prezidenti xarici mətbuat orqanlarına verdiyi müsahibəsində, xüsusilə vurğulamışdır. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın qələbəsi və işğal edilmiş ərazilərin geri qaytarılması bir çox dövlətlərin ölkəmizə marağını daha da artırmışdır. Prezident İlham Əliyev Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət edib. Belarus prezidenti Aleksandr Lukaşenko da ölkəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirak etməsini dəstəkləyir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var, rəsmi Minsk bu sahədə əhəmiyyətli rol oynaya bilər.

     Geniştərkibli görüş zamanı Belarus lideri Aleksandr Lukaşenko qeyd edib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində dirçəliş dövrü başlayıb və bu ölkə ərazilərin bərpası prosesində iştirak edə bilər: "Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa, texnikamız burada olar və işləyər".

     Belarus Prezidentinin Azərbaycana bu səfəri onu deməyə əsas verir ki, dövlətimiz  ölkəmizə xoş münasibət bəsləyən dövlətlərlə əməkdaşlıq etməyə hazırdır və bu istiqamətdə mühüm addımlar atır.

 

Lider-medi.az






   


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi