Ceyhun Bayramov İtaliyada səfərdədir - əməkdaşlıq məsələləri müzakirə olunub


Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov İtaliyada səfərdədir.
Lider-media.az xəbər verir ki, XİN rəsmisi İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Lorenzo Fontana və İtaliya Senatının sədri ilə görüşüb. Tərəflər Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşlər zamanı tərəflər Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd ediblər. Son illər ərzində qarşılıqlı etimada, ümumi maraqlara və fəal siyasi dialoqa əsaslanan ikitərəfli əlaqələrin daha da dərinləşdiyi diqqətə çatdırılıb.
Azərbaycanla İtaliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Strateji tərəfdaşlığın əsas dayaqlarından biri kimi parlament diplomatiyasının, parlament sədrlərinin və nümayəndələrinin qarşılıqlı səfərlərinin vacibliyi qeyd olunub.
Söhbət zamanı Azərbaycan-İtaliya əməkdaşlığının siyasi, müdafiə və təhlükəsizlik, iqtisadi və ticarət, enerji və bərpaolunan enerji, humanitar, turizm, mədəniyyət və təhsil sahələri də daxil olmaqla çoxşaxəli istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub.
Tərəflər parlamentlərarası əlaqələrin gücləndirilməsinin və davamlı siyasi dialoqun münasibətlərin gələcək inkişafı üçün həlledici əhəmiyyət daşıdığını bildiriblər.
Tərəflər, həmçinin regional təhlükəsizlik mühiti, çoxtərəfli əməkdaşlıq formatları, beynəlxalq gündəlikdə duran məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparıblar.