lider-media.az

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Baxış: 41255 Tarix: 26-11-2025, 15:59

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 900 000 (bir milyon doqquz yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:

2.1. idmançılar arasında rəqabətin səviyyəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin ödənilməsinə dair qaydanı 10 (on) gün müddətində hazırlayıb təsdiq etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin həmin Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2025-ci il.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi