Azərbaycan parlament nümayəndə heyəti ABŞ-da səfərdədir

Səfərin məqsədi ABŞ Konqresinin yuxarı və aşağı palatasının üzvləri, ABŞ administrasiyasının rəsmiləri, aparıcı beyin mərkəzlərinin nümayəndələri və yəhudi təşkilatları ilə görüşlərin keçirilməsi, regionumuzda baş verən yeniliklər və mövcud Azərbaycan-ABŞ ikitərəfli əlaqələrində yaranmış müsbət dinamika, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatların verilməsidir.Noyabrın 17-də nümayəndə heyəti ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvü Cim Birdin ofisinin rəhbəri Sara Rosnik ilə görüşüb. Daha sonra nümayəndə heyəti ABŞ-ın bir sıra aparıcı yəhudi təşkilatlarının, beyin mərkəzlərinin və ABŞ Konqresi üzvlərinin köməkçilərinin də iştirak etdiyi dəyirmi masada iştirak edib.
Görüşlərdə nümayəndə heyətinin üzvləri tərəfindən Cənubi Qafqaz regionunda gedən proseslər, 8 avqust - Vaşinqton Sammitindən sonra Azərbaycan-ABŞ ikitərəfli əlaqələrində yaranmış canlanma, eyni zamanda 907-ci düzəlişin ləğvi, ABŞ Konqresində ölkəmizin əleyhinə irəli sürülmüş təşəbbüslər və bir sıra digər məsələlər barədə məlumat verilib, qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.
Səfər noyabrın 21-dək davam edəcək.