Üç qardaşın biri şəhid, ikisi qazi
Vətən müharibəsində Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan şücaətli oğullardan biri də şəhid şəhid baş leytenant Bayram İlqar oğlu Babaşovdur. 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində doğulub. 2009-2012-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə , 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Bayram 2016-ci ildə hərbi məktəbi bitirib və elə həmin ildən də 3-cü ordu korpusunun xüsusi təyinatlı snayper bölümündə tağım komandiri vəzifəsinə başlayıb. O, xidmətimüddətində dəfələrlə xüsusi əməliyyatlarda uğurla iştirak edib, qardaş Türkiyədə xüsusi kurslarda olub, müxtəlif snayper kursları keçib. Xüsusi hava desantı paraşüt kurslarını bitirən Bayram 2019-cu ildə baş leytenant rütbəsini alıb və 3-cü ordu korpusunun əlahiddə əməliyyat taburunun birinci əməliyyat bölüyünün komandiri vəzifəsinə təyin olunub.
Özünəməxsus idarəetmə qabiliyyətinə malik olan Bayram Babaşov peşəkar komandir və cəsur döyüşçü kimi tabeliyində olan şəxsi heyətə daim diqqət və qayğı ilə yanaşıb. O, döyüş bacarıqlarının artırılmasına xüsusi önəm verib. Bu səbəbdən də nizam-intizamlı və fiziki dözümlülüyü hər zaman yüksək səviyyədə olan bir bölmə yetişdirib.
Döyüş yoldaşlarının sözlərinə görə, baş leytenant Bayram Babaşov və döyüş yoldaşları 2020-ci il sentyabrın 27-də rəhbərlik etdiyi bölükdə Azərbaycan ordusunun müdafiə zolağının ən çətin istiqamətindən Murovdağ yüksəkliyindən hücum edərək, "alınmaz qala" adlandırılan Ömər aşırımı istiqamətində yerləşən düşmən mövqelərini ələ keçiriblər. Qısa müddətdə 2800 metr yüksəklik və keçilməsi olduqca çətin olan sərt qayalıq ərazilərdən keçərək, “Canavar qulaqları” adlanan postları ələ keçirib. Bundan başqa “Elşən postu”nda mühasirəyə düşmüş bir bölüyə qədər şəxsi heyəti mühasirədən çıxararaq, onların həlak olmasının qarşısını alıb.
Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına vuruşan kəşfiyyatçı-zabitlə ailəsinin sonuncu telefon danışığı sentyabrın 29-da olub. Bayram Babaşov mühasirədə olmasına baxmayaraq, ələ keçirdiyi mövqelərdən sona qədər geri çəkilməyib. Döyüş yoldaşlarının sözlərinə görə, o, şəhid olan əsgərlərinin və yaralıların düşmən əlinə keçməməsi üçün son nəfəsinə qədər üç saat təkbaşına döyüşüb 30-dan çox düşməni məhv edərək, oktyabrın 2-də ər meydanında qəhrəmancasına şəhid olub. Cənazəsi 72 gün sonra tapılaraq, 18 dekabrda doğulduğu Cəlilabad rayonunun Günəşli kənd qəbristanlığında torpağa tapşırılıb. Bir oğlu bizə əmanət qalıb. Onun iki qardaşı da – Vüqar Babaşov və Nurlan Babaşlı Vətən müharibəsində ilk gündən iştirak edib və hər ikisi qazi olub. Hər iki qardaş Kəlbəcər istiqamətində döyüşüb. Nurlan düşmənin ağır artilleriya zərbəsi nəticəsində bir qolunu itirib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra Bayram Babaşov "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub. Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!
Nurəngiz Adilqızı.