Qərbi Azərbaycan İcmasının növbəti iclası keçirilib

Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin növbəti iclası keçirilib.
Lider-media.azın məlumatına görə, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində səsləndirdiyi fikirlərin İcmanın fəaliyyətinə yeni məsuliyyət yükü əlavə etdiyini qeyd edib. O, son illər ərzində İcma tərəfindən ölkənin şəhər, rayon və kəndlərində Qərbi Azərbaycan mövzusunda genişmiqyaslı tədbir və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək fəaliyyətin prioritet istiqamətləri üzərində dayanıb.
Tədbirdə çıxış edənlər- Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Dərələyəz mahalının Keşişkənd rayon İcmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq məsələlər üzrə prorektoru Mahirə Hüseynova, QAİ-nin Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Kamran Bayramov, Əməkdar jurnalist Həsən Həsənov, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov və digəriləri qayıdış hüququnun təmin edilməsini dövlətin prioritet istiqamətlərindən biri kimi qiymətləndiriblər.
İclasın sonunda Qərbi Azərbaycan İcmasının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri üzrə konkret tapşırıqlar müəyyənləşdirilib və müvafiq işçi qruplarının formalaşdırılması barədə qərarlar qəbul olunub.