9 Noyabr-Dövlət Bayrağı Günüdür
Üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda qürurla, vüqarla dalğalanır
"Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".
Heydər Əliyev
Ümummilli lider.

Xalqımız hər il 9 noyabrı-Dövlət Bayrağı Gününü xüsusi təntənə ilə qarşılayır. Bu əlamətdar gün Azərbaycanın müxtəlif guşələrində iftixar hissi ilə qeyd edilir, qürur mənbəyimiz olan üçrəngli bayrağımıza dərin hörmət və ehtiram ifadə olunur. Bayraq adi parça deyil, müqəddəslik rəmzidir. Dövlətçilik rəmzi olan bayraq milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Müqəddəs bayrağımız, uğrunda minlərlə şəhid verən Vətənimizin qürur mənbəyi, dalğalandıqca qəlbimizi fəxarət hissləri bürüyür. Bu bir həqiqətdir ki, türk övladı Vətənini sevir, millətini sevir, bayrağını sevir...
Dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla, ölkənin tarixi keçmişlərindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğunu əks etdirir. Çünki atribut xalqın mübarizə simvoludur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, "Azərbaycan Respublikasının dövlət rəmzləri-Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir".

Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün, ən azından, həyatdaykən bayrağımızın yüksək zirvələrə daşınmasına çalışmalıyıq. Nəticə etibarilə, üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi kimi zirvələrdə dalğalanır, eləcə də güclü və müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının qürur mənbəyi kimi çıxış edir. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünəməxsus yer tutan bayraq məhfumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış etmişdir. Bu tarix Kitabi-Dədə Qorquddan başlayır və Səfəvilər dövründən bayraqlar simvol kimi qəbul olunur. Şirvanşahlar dövlətindən xanlıqlara qədər keçilən tarixi mərhələlərdə bayraq və digər rəmzlər milli sərvətlərimiz olan abidələrdə öz əksini tapıb. Möminə Xatun, Qız Qalası, Şirvanşahlar sarayında, İçərişəhər kimi milli tarixi abidələrimizdə bayrağımız xalqımızın suverenliyinin rəmzi kimi özünəməxsus yer tutub. Azərbaycan bayrağı yüksələndə və Dövlət himni səslənəndə hər Vətən övladı duyğulanır, ümummilli lider Heydər Əliyevin dediyi kimi, azərbaycanlı olduğumuz üçün qürur hissi keçiririk. Hər bir azərbaycanlı onu qorumalı, sevməli, əməlləri ilə ucaltmalıdır.Suverenliyimizin rəmzi, güvənc yerimiz üçrəngli bayrağımız bu gün qürurla illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.
2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də-Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı. Müzəffər Ali Baş Komandanın başçılığı ilə, rəşadətli ordumuzun gücü ilə 30 illik arzularımız gerçək oldu. Bu gün üçrəngli bayrağımız əzəli və əbədi torpaqlarımız olan Qarabağın da səmalarını bəzəyir. 44 günlük vətən müharibəsində işğaldan azad edilən ərazilərdə hər gün Bayrağımızın ucaldılmasının şahidi olan xalqımız Azərbaycan Ordusunun bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlədiyi, ümumiyyətlə, işğaldan yeni azad edilən ərazilərdə dövlət bayrağımızın qaldırılmasını həsrətlə gözləyirdi. Biz bu sevinci 44 günlük Vətən müharibəsindən sonra yaşamışdıq. Nəhayət, Prezident İlham Əliyev 15 oktyabr tarixli Qarabağ səfərində bir daha belə bir qürurlu anları xalqımıza yaşatdı. Belə ki, bu səfər çərçivəsində Pprezident İlham Əliyev Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində, eləcə də Tərtər rayonunda Sərsəng su anbarının ərazisində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığı mərasimindəki çıxışında demişdir: “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.