9 noyabr Bayraq günüdür
Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi
Hər bir dövlətin, millətin varlığını təsdiqləyən, əsrdən əsrə, nəsildən nəslə ərmağan olan bayraq ululardan miras qalan müqəddəs əmanət, varlıq simvoludur. Dövlətçilik rəmzi olan bayraq müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla, ölkənin tarixi keçmişlərindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğunu əks etdirir. Çünki atribut xalqın həm də mübarizə simvoludur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, "Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir"Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən bir olan bayraq həm də millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir.Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünəməxsus yer tutan bayraq məhfumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış etmişdir.
Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da dövlətçilik ideyaları,mübarizə əzmi yaşadıldı. Xalqımız üçrəngli bayrağımızın yenidən yüksələcəyinə böyük ümid bəslədi.Ürəklərdə yaşayan üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.
1991-ci ilin fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən bayraq dövlət rəmzi kimi təsdiq edildi.Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər
mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır.Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin birinci ildönümü artıq geridə qaldı.Bu möhtəşəm qələbə dövlət müstəqilliyimizin bərsı və müstəqil Azərbaycan dövlətinin qurulması ilə birlikdə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun nəticəsi dövlətimizin qüdrətinin,xalqımızın mətanətinin,ordumuzun və əsgərimizin şücaətinin,Prezidentimizin uzaqgörənliyinin nümayişi olaraq tarixə yazıldı.
Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində ərazilərimiz erməni işğalından addım-addım, qarış-qarış azad edildi və üçrəngli bayrağımız doğma torpaqlarımızda- Füzulidə, Suqovuşanda, Hadrutda, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda,Laçında,Kələcərdə xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanır və bundan sonra da əbədi dalğalanacaqır.
2020-ci ilin noyabrın 8-də Dövlət Bayrağı Günü ərəfəsində isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın səbirsizliklə gözlədiyi müjdəni verdi:Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.Prezidentin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşdı.Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdi. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtulması Bayraq Günü ərəfəsinə təsadüf etdi, bayram bayrama qarışdı. Şuşaya bayrağımızın sancıldığı və 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu.Azərbaycan Bayrağı hər bir vətəndaşın fəxri, iftixarı və qürur mənbəyidir.Üçrəngli bayrağımız hər zaman əbədi olacaq,bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcəkdir.
Yaşasın Milli Bayrağımız!
Lider-Media.az xalqımızı Bayraq günü münasibətilə təbrik edir.Bayrağımız həmişə uca zirvələrdə daığalansın.