lider-media.az

AZƏRBAYCAN BAYRAĞI: MİLLİ KİMLİYİMİZİN TƏSDİQİ

Tarix: 9-11-2024, 13:08

AZƏRBAYCAN BAYRAĞI: MİLLİ KİMLİYİMİZİN TƏSDİQİ


"Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".

Heydər ƏLİYEV,

Ümummilli Lider.

Bu gün qürurla dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdı.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu"nu qəbul etdi.Qanuna əsasən üçrəngli milli bayrağımız Dövlət Bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.

Bu gün dövlətimizin başçısı daxili və xarici siyasətində milli maraqlara böyük önəm verir. Bu siyasətin əsas qayəsini milli kimliyin qorunması ilə müasir ənənələrin tətbiqinin vəhdəti təşkil edir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi qaldırıldığı 9 noyabr (1918-ci il) tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilməsi mühüm əhəmiyyətə malikdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Ümummilli liderin bizə ərməğan qoyduğu müasir, müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin milli dövlət rəmzlərini uca tutur və bu ruhu cəmiyyətə aşılayır. Ölkəmizin başçısının dövlət rəmzlərinə, şanlı tariximizdən gələn milli dəyərlərə göstərdiyi hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri, mövqeyi ilə seçilir və respublikamızda milli həmrəyliyin daha da möhkəmləndirilməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edir. Dövlət bayrağımız bu gün dünyanın hər yerində, mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanır, müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir.

Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olanbayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Bayraq ən dəyərli atributlarımızdandır. 100 ildən artıq tarixi olan bayrağımız millətçiliyimizdə, mənəviyyatımızda xüsusi əhəmiyyət kəsb edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun gücü və xalqımızın bayrağımıza olan sevgisi son dörd ildə əldə olunan qələbələrdə mühüm rol oynayır. Bunun nəticəsidir ki, üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda əzəmətlə dalğalanır.

Bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, uğurlu diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində sürətli inkişaf yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla çatan, bütün sahələrdə yeniləşən respublikamız dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Ölkəmiz xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq aləmdə hörmət edilən ölkəyə çevrilib. Respublikada keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər müstəqil Azərbaycan dövlətinin artan nüfuzunun bariz ifadəsidir. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Azərbaycanın regionda barışdırıcı, sabitləşdirici rolunu, beynəlxalq müstəvidə isə yerini olduqca yüksək qiymətləndirirlər. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü kimi qəbul olunur. Məhz dövlətimizin başçısının müdrikliyindən qaynaqlanan ölkəmizin gerçəkləşdirdiyi layihələr, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər bu körpünü möhkəmləndirməklə yanaşı, əhəmiyyətini də artırır.

Hər il olduğu kimi, bu il də xalqımız öz əziz bayramını - Dövlət Bayrağı Gününü yüksək nailiyyətlərlə qeyd edir. Prezident İlham Əliyev bayrağımızı eşidilən səsimiz, duyulan nəfəsimiz adlandırıb: "Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir".

Bəli, bayraq hər bir millətin imzasını, onun kimliyini isbat edir. Böyük şairimiz B.Vahabzadə "Bayraq" şeirində üçrəngli bayrağımıza xalqımızın sevgi və ehtiramını tərənnüm və təbliğ etmişdir:

Üçrəngli bayrağın kölgəsində mən,

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq öz yurduma öz hakimliyim!

Nurəngiz ADİLQIZI.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi